UNEC-in qadın rektoruna həsr olunan “Elmdə qadınların rolu” adlı konfrans keçirilib

UNEC-in qadın rektoruna həsr olunan “Elmdə qadınların rolu” adlı konfrans keçirilib

UNEC-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin ilk və yeganə qadın rektoru olmuş Bilqeyis Həşimzadənin xatirəsinə həsr edilən “Elmdə qadınların rolu” adlı konfrans keçirilib.

Universitetdən APA-ya verilən xəbərə görə, konfransın açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov xanım əməkdaşları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb. Rektor konfransın universitetin qadın rektoru Bilqeyis Həşimzadəyə həsr olunduğunu diqqətə çatdıraraq, Bilqeyis xanımın həyat yoluna qısa nəzər salıb.

Prof.Ədalət Muradov UNEC-in xanım əməkdaşlarının universitetə qazandırdıqları töhfələrdən də söz açıb. Hazırda UNEC əməkdaşlarının 67 faizinin, elmi dərəcəyə malik olanların isə 51,6 faizinin qadınlardan ibarət olduğunu bildirib. O, UNEC-in elmi fəaliyyətində, idarəetməsində xanım əməkdaşların aparıcı rola malik olduqlarını diqqətə çatdırıb.

Sonra “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva UNEC-in ilk qadın rektoru Bilqeyis Həşimzadənin həyat yolundan bəhs edib. Onun universitetə qazandırdığı töhfələr, elmin və təhsilin inkişafı istiqamətindəki xidmətləri barədə maraqlı təqdimatla çıxış edib.

“Dizayn” kafedrasının müdiri dosent Elfanə Qasımova ölkəmizin sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılmasına ölkə Prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən böyük önəm və diqqətdən söz açıb. Hazırda qadınların hər bir sahədə böyük uğurlara imza atdıqlarını, qadınlarımızın ölkəmizin yüksəlişinə və inkişafına mühüm töhfələr verdiklərini deyib.

E.Qasımova UNEC-də çalışan qadınların elmi uğurlarından da danışıb. UNEC-də çalışan əməkdaşların böyük əksəriyyətini məhz qadınların təşkil etdiyini, onların bir çoxunun elm və təhsil sahəsindəki fəaliyyətlərinə görə dövlət tərəfindən yüksək ali mükafatlarla təltif olunduqlarını diqqətə çatdırıb.

Sonra UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının (XTŞ) rəhbəri, gənc tədqiqatçı Nərgiz Hacıyeva rəhbərlik şuranın fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib. O, dünyanın müxtəlif ölkələrindən olan tanınmış qadın alimlərin şuranın üzvü olduqlarını və nüfuzlu beynəlxalq konfranslarda elmi məqalələrlə çıxış etdiklərini bildirib.

Tədbirin sonunda xanım əməkdaşlara bayram münasibətilə çiçəklər və hədiyyələr təqdim olunub.