FA “Nottinqem Forest” və məşqçisinə ittiham irəli sürüb

FA “Nottinqem Forest” və məşqçisinə ittiham irəli sürüb

İngiltərə Futbol Assosiasiyası (FA) “Nottinqem Forest” və məşqçisi Stiven Ridə “Liverpul”a qarşı oyundan sonra referi Pol Tirni ilə mübahisə zamanı nalayiq hərəkətlərə yol verilməsi ilə əlaqədar ittiham irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə İngiltərənin ali futbol qurumunun mətbuat xidməti bildirib.

İddia olunur ki, Ridin Tirniyə qarşı üslubu alçaldıcı və ya təhqiramiz olub. Bu da onun meydandan qovulmasına səbəb olub. O, qovulduqdan sonra qeyri-münasib hərəkətə yol verib.

“Nottinqem Forest” isə oyunçuların və texniki heyətin düzgün davranışını təmin etməməkdə ittiham olunur. Rid və klubun ittihamlara cavab verməsi üçün martın 13-dək vaxtları var.

Xatırladaq ki, martın 2-də “Nottinqem Forest” doğma meydanda “Liverpul”a yenilib. Uruqvaylı Darvin Nunyes 90+9-cu dəqiqədə, “qırmızılar”ın faktiki olaraq son hücumu zamanı topu qapıya göndərərək, komandasına vacib 3 xal qazandırıb. Oyundan sonra “meşəçilər”in personalı hakimin üzərinə gedərək onunla mübahisə etməyə başlayıblar.