Ermənistan Təhlükəsizlik Şurasının katibi Lavrova cavab verib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Lavrova cavab verib

Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını gözləyir” bəyanatına münasibət bildirib.

APA xəbər verir ki, brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmin bəyanata toxunaraq qeyd edib ki, Rusiya KTMT-nin üzvü olaraq öz mövqeyini dəqiqləşdirməlidir.

O, eyni zamanda, KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda ittiham edib: “Mən deyərdim ki, Ermənistana münasibətdə öz mövqeyini dəqiqləşdirməli olan tərəf Rusiyadır”.

Qriqoryan 2021-ci ilin dekabrına qədər Ermənistanın bütün təhlükəsizlik zəmanətlərini Rusiya ilə bağladığını əlavə edib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun yekun nəticələrinə dair mətbuat konfransında jurnalistlərə bildirmişdi ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib və KTMT-nin Ermənistanı Qarabağ münaqişəsinin həllində tək qoyması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil.

Lavrov həmçinin Ermənistan hakimiyyətini Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham edib: “Təəssüflər olsun ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Bu, müttəfiqlik münasibətləri çərçivəsinə sığmır. Ermənistan Rusiya ilə əlaqələri kəsmək üçün İrəvana təkid edən regiondan kənardakı ölkələrə arxalanmaq qərarına gəlib”.