Zaxarova ona “Xarı Bülbül” nişanının hədiyyə edilməsinə münasibət bildirib

Zaxarova ona “Xarı Bülbül” nişanının hədiyyə edilməsinə münasibət bildirib

Rusiya xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər festivalı çərçivəsində ona azərbaycanlılar tərəfindən “Xarı Bülbül” döş nişanının hədiyyə edilməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarovaya bu gün keçirdiyi brifinqdə TASS agentliyinin müxbiri ona hədiyyə edilən və Qarabağın işğaldan azad olunmasının rəmzi hesab olunan “Xarı Bülbül” döş nişanının hədiyyə edilməsi və bunun mətbuatda səs-küyə səbəb olması ilə bağlı sual ünvanlayıb.

Zaxarova ona “Xarıbülbül” döş nişanı hədiyyə olunması ilə bağlı səs-küyü növbəti şişirdilmiş hadisə adlandırıb.

“Bu festivala gəlməyənlər, burda olmayanlar yəqin ki bilmirlər ki, bütün festival iştirakçıları özləri ilə hədiyyələr gətirirlər. Fələstinlilər, argentinalılar, çinlilər və digərləri öz simvolları əks olunan hədiyyələr, suvenirlər gətiriblər. Bu, o demək deyil ki, bunları siyasiləşdirmək lazımdır. İnsanlar özləri üçün vacib olanı danışırlar, deyirlər. Bu, tamamilə normaldır, nə vaxt ki, insanlar özləri üçün vacib olan simvolların əks olunduğu hədiyyələri verirlər, həmin hədiyyələr vasitəsi ilə öz hekayələrini danışırlar”.

Rusiya XİN sözçüsü əlavə edib ki, təxribatlara uymamaq lazımdır: “Yəqin ki, bunlar (təxribatlar-red) olub və olacaq. Təxribatlara uymamaq lazımdır. Ən başlıcası isə hər şeydə müsbət şey axtarmaq lazımdır”, - o deyib.