Azərbaycanda ötən il 727 milyon manat artıq və əsassız ödənişlər aşkarlanıb

Azərbaycanda ötən il 727 milyon manat artıq və əsassız ödənişlər aşkarlanıb

2023-cü ildə Azərbaycanda dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi, vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarətin gücləndirilməsi istiqamətində Maliyyə Nazirliyinin gördüyü işlər nəticəsində ümumilikdə 726,5 milyon manat artıq və əsassız ödənişlər aşkar olunub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, bunun 3,6 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib.

Nazirliyin müvafiq iş planına əsasən aparılmış yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsinə görə artıq ödənilməsi aşkar olunmuş 8 milyon manat vəsaitin də 3,6 milyon manatını təqsirkar şəxslər büdcəyə bərpa edib, yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verməklə inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat cərimələr tətbiq edilib və büdcəyə ödənilməsi təmin edilib.

Nəzarət obyektlərindən 90 təşkilatda aparılmış yoxlamalarla 718,5 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub, yoxlama materialları müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlərin görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müraciətlər edilib.