Moldovanın energetika naziri: “SGC əhəmiyyəti fərqli şəkildə qəbul olunmağa başlanılıb”

Moldovanın energetika naziri: “SGC əhəmiyyəti fərqli şəkildə qəbul olunmağa başlanılıb”

Rusiya-Ukrayna müharibəsinin başlamasından və enerji bazarına da təsir edən geosiyasi vəziyyətdəki dəyişikliklərdən sonra Cənub Qaz Dəhlizinin (SGC) əhəmiyyəti fərqli şəkildə qəbul olunmağa başlanılıb.

Bunu “Report”a müsahibəsində Moldovanın energetika naziri Viktor Parlikov deyib.

Onun sözlərinə görə, bu mənada SGC-in genişləndirilməsi çox vacibdir:

“Biz yəqin ki, həm Avropaya daha çox təbii qaz nəql etmək qabiliyyətinin artırılması, həm də mənbələrin genişləndirilməsi baxımından bu dəhlizin genişləndirilməsini nəzərdən keçirməliyik. Bu da “mavi yanacaq” tədarükünü daha da şaxələndirəcək və Avropa ilə Xəzər regionu arasında strateji tərəfdaşlığı yüksəldəcək”.

V.Parlikov vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsi və Azərbaycan Avropanın etibarlı qaz təchizatının və onun enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verib.

Nazir hesab edir ki, Xəzər hövzəsi regionu bərpa olunan enerji mənbələri sahəsində mühüm imkanlara malikdir: “Xəzər regionu təkcə Azərbaycanla məhdudlaşmır, Xəzər dənizinin digər hissəsində təbii qaz istehsalçıları, həmçinin bərpa olunan enerji, o cümlədən hidrogen üçün potensial imkanlar var”.