Ekspert: Ermənistan sülh istəyirsə, beynəlxalq platformalarda Azərbaycan əleyhinə işi dayandırmalıdır

Ekspert: Ermənistan sülh istəyirsə, beynəlxalq platformalarda Azərbaycan əleyhinə işi dayandırmalıdır

Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, ərazi iddiasından əl çəkməli, beynəlxalq platformalarda Azərbaycan əleyhinə iş aparmağı və silahlanmanı dayandırmalıdır.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan tərəflərinin son açıqlamalarına baxdıqda kifayət qədər konstruktiv yanaşmanın olduğu müşahidə edilir, ancaq rəsmi İrəvanın konkret addımları dedikləri ilə üst-üstə düşmür: “Bir tərəfdən Ermənistan rəsmiləri sülhdə maraqlı olduqlarını deyirlər, digər tərəfdən isə silahlanırlar. Onların sülhə yönələn müsbət mesajlarında məntiq tapmaq olmur. Çünki Ermənistan hələ də Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlayır, Azərbaycanın beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün ciddi siyasi iş aparır, ərazi iddiası irəli sürür və silahlanır”.

Siyasi şərhçi bildirib ki, bu vəziyyət Ermənistanın məsələyə ikili münasibət sərgilədiyini göstərir: “Bir tərəfdən ciddi konfrontasiya müşahidə olunur və bu, bütövlükdə sülh prosesinə vasitəçilik etmək istəyən tərəflərdə ciddi narahatlıq doğurur, digər tərəfdən isə gərgin atmosfer fonunda dövlət rəsmilərinin çıxışında sülh istəyi ifadə edilir. Bu da onu göstərir ki, hər iki tərəfin üzərində beynəlxalq təzyiq var. Bu təzyiq dövlətlərin beynəlxalq hüquq qarşısında öhdəliklərinə təsir göstərir. Dövlətlər birmənalı şəkildə müharibə ritorikasında qala bilməz”.

Ə.Əlibəyli qeyd edib ki, sülh danışıqlarının məntiqli bir nəticəyə gəlməsi üçün Ermənistan təxribat xarakterli addımlardan çəkinməlidir.

“Hazırda ən düşündürücü sual odur ki, bu günə qədər Ermənistanla hansısa bir formatda müharibəsiz nəticə əldə etməyimiz mümkün olubmu? Olmayıb. Üç il ərzində bu ölkə ilə münasibətlərimiz Ermənistanın kapitulyasiyaya imza atması ilə davam edib. Bundan sonra fərqli mənzərə müşahidə etməyimiz üçün rəsmi İrəvan davranışlarında korrektələr etməlidir. Məsələn, Fransadan alacağı ən modern silahlardan Azərbaycana qarşı istifadə etməməlidir”, - o əlavə edib.