Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüş keçiriləcək

Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüş keçiriləcək

Türkiyə-Ermənistan normallaşma prosesinin gündəliyi dəqiqləşdirilməyib.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Prezidentinin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç deyib.

O qeyd edib ki, bu məsələyə aydınlıq gətirmək üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur, lakin görüşün tarixi və məkanı hələ razılaşdırılmayıb.

“Sadəcə görüş naminə görüşün mənası yoxdur. Bilirsiniz ki, ən son görüşümüzdə sərhədlərimizin üçüncü ölkə vətəndaşları və diplomatik pasporta sahib olan şəxslərin keçidi üçün açmaq qərarı vermişdik. Bizim indiyədək görüşməməyimizin səbəbi bunu edə həyata keçirməməyimiz olub. Və indi bu razılaşmanı necə reallaşdıra, nələr əlavə edə bilməyimiz üçün görüşməyimiz lazımdır. Çünki biz Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə vermək istəyirik. Bu prosesin irəliləməsi Azərbaycan-Ermənistan normallaşma prosesinə də müsbət töhfə verəcək”, - Sərdar Kılıç vurğulayıb.

O, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasının Ermənistan-Türkiyə normallaşma prosesi və bütün bölgə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.