Ermənistan qanlı hadisəni anır - Koçaryanla Sarqsyan hələ də azadlıqdadır - ŞƏRH

Ermənistan qanlı hadisəni anır - Koçaryanla Sarqsyan hələ də azadlıqdadır - ŞƏRH

Bu gün İrəvanda etiraz aksiyalarının qan içində boğulduğu gündür. Vətəndaşlar 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz etmişdi. Aksiyaçılar İrəvanda Azadlıq meydanında 10 gün gecə-gündüz mitinq keçirmişdi. Prezident postu uğrunda mübarizə keçmiş prezident Levon Ter-Petrosyanla Serj Sarqsyan arasında getmişdi. Kütləvi etiraz aksiyasını da keçmiş dövlət başçısının tərəfdarları keçirmişdi. Həmin il martın 1-də etirazçılarla hərbi-polis qüvvələri arasında baş verən qarşıdurma nəticəsində ikisi polis olmaqla 10 nəfər ölmüş, 200 nümayişçi xəsarət almışdı. Hakimiyyət dairələri 33 polis əməkdaşının da xəsarət alaraq hospitala yerləşdirildiyini bildirmişdi.

Levon Ter-Petrosyan 1998-ci ilin fevralında hakimiyyətdaxili təzyiqlər nəticəsində qan tökülmədən istefa vermişdi. O, Qarabağın Ermənistana birləşməsinə, habelə Azərbaycanın bu bölgəsinin ikinci "erməni dövləti" kimi tanınmasına qarşı çıxırdı və s.

Xocalı soyqırımının təşkilatçılarından olmuş, separatçıların o dövr üçün lideri sayılan Robert Koçaryan qanunazidd olaraq 1998-ci ildə Ter-Petrosyanın yerinə prezident oldu. Ona qarşı parlamentdə və hökumətdə müxalifət fəaliyyət göstərirdi. Bildirilir ki, Koçaryan bu müxalifəti sıradan çıxarmaq məqsədi ilə 1999-cu il oktyabrın 27-də parlamentə silahlı hücumun reallaşmasını təşkil edib. Həmin terror hücumu nəticəsində baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, onun müavinləri Yuri Baxşyan və Ruben Miroyan, fövqəladə hallar naziri Leonard Petrosyan, deputatlar Henrik Abrahamyan, Armenak Armenakyan, Mixail Kotanyan ölmüş, azı 30 nəfər yaralanmışdı.

O dövrdə Robert Koçaryan özünə müxalifət olan qüvvəni praktik olaraq siyasi səhnədən uzaqlaşdırdı. Ancaq Levon Ter-Petrosyan qaldı. 2008-ci ilin prezident seçkisində o revanş etmək istədi. Keçmiş rəqibi, bəlkə də düşməni Koçaryanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə yenidən prezident olmaq istədi.

Ermənistanda hakimiyyətin yüksək zirvəsinə gətirilməsi sübut edir ki, Robert Koçaryan Rusiyanın "çubuğu" ilə idarə edilib. O, Xocalıda törətdiyi cinayətə görə cəzalanmadığı üçün bunu mənsub olduğu erməni etnik qrupuna qarşı parlamentdə yeddi il sonra təkrarladı. 2008-ci il martın 1-də Robert Koçaryan dinc sakinlər, əlisilahsızlarla başqa cür davrana bilmədiyini bir daha sübut etdi. Məlumata görə, həmin günlərdə o, yardım üçün Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri də İrəvana cəlb edibmiş. Bununla da Xocalı soyqırımının başqa bir təşkilatçısı, həmin dövrdə baş nazir işləyən Serj Sarqsyan silah gücünə prezident kürsüsündə otuzduruldu. Bununla da qan üstündə əldə edilmiş, möhkəmlənmiş hakimiyyət dinc insanların meyiti üzərində yenidən quruldu.

Parlamentə silahlı hücumu zamanı o, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib. O, bu vəzifədə 1999-cu ilin iyunundan həmin il noyabrın 13-dək işləyib. Məlum terror hadisəsindən sonra 1999-cu ili noyabrın 13-dən isə Ermənistan prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi işləyib.

Deməli, 32 il əvvəl Azərbaycanda, 25 il əvvəl İrəvanda parlamentdə və ondan 9 il sonra Ermənistan paytaxtında törədilən cinayətlərin iki müəllifi Koçaryan və Sarqsyanın hələ də əli-qolu açıqdır. Onları özünü demokratik və ədalətli sayan Nikol Paşinyan hökumətinin hüquq mühafizə orqanları hələ də yerində oturtmayıb.

Ötən illərdə Ermənistanda dəyişikliklər baş verib. Realist olmaq istəyənlər hakimiyyətə gəlib. Rəsmi İrəvan Moskvanı Parislə dəyişməyə can atır. Koçaryan və Sarqsyana qarşı başlayan cinayət işlərindən, demək olar ki, bəhs edilmir.

Erməni cəmiyyətinə Qarabağ və ya ikinci "erməni dövləti”nin xülya olduğunu Azərbaycan başa saldı. İndi Ermənistanın konstitusiyasının yenidən yazılması və qəbul edilməsi ilə başqa mərhələ başlayır. Ancaq, təəssüf ki, törətdiyi cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyət daşımadığı kimi, Koçaryan və Sarqsyan da aparıcı fiqur olaraq törətdikləri cinayətlərə görə cəzalanmayıblar.

Bu isə Ermənistanda hakimiyyəti ələ keçirmək üçün potensial olaraq sui-qəsdçi, terrorçu qüvvənin olduğunu göstərir. Odur ki, Koçaryan və Sarqsyan dördüncü cinayəti də törədə, yaxud təşkil edə bilərlər.