Deputat vətəndaşların qeydiyyatı və məhkəmə qərarlarının icrası problemlərini qaldırıb

Deputat vətəndaşların qeydiyyatı və məhkəmə qərarlarının icrası problemlərini qaldırıb

Vətəndaş rayon qeydiyyatıdırsa, onu polisə qeydiyyata salmaq problemin həlli deyil, bu daha böyük problemli insan yaratmaq deməkdir.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Fazil Mustafa deyib.

Deputat narkotikdən müalicə ilə bağlı çatışmazlıqları da diqqətə çatdırıb: “Bu sahəyə özəl sektor cəlb edilməli, bu sahəyə xaricdən qrant almaq asanlaşdırılmalıdır. Qida təhlükəsizliyi ilə bağlı da belədir. Siyasi və digər qrantları başa düşdük, amma bu kimi sahələrdə beynəlxalq təşkilatların təcrübəsindən istifadə etməliyik. Bizim orqanizmimizi korlayan qidaların qarşısını alan mexanizm yoxdur. Biz öz sağlamlığımızın qeydinə qalaraq, nələrəsə dur deməyi bacarmalıyıq”.

Fazil Mustafa qeyd edib ki, məhkəmə qərarı icra olunmayan bir ölkədə nəyinsə ədalətli həll olunacağına da inam olmayacaq: “Birinci biz bu qanqrenli yaranın müalicəsini təmin etməliyik. Ombudsmanın bu məsələdə imkanlarını genişləndirməliyik. Ombudsman Aparatında məhkəmə qərarları ilə bağlı şöbə yaradıla bilər. Çünki bəzi məhkəmə qərarlarının həlli 2 vur 2-dir. Amma icraçı marağı qarşılanmayana qədər bunu etməkdə maraqlı deyil. Nə qədər belə qərarlar var ki, biz zəng edib məcbur etmişik ki, icra olunsun. Bu problem aradan qaldırılmalıdır.