AZPROMO Şimali Qafqaz Federal Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

AZPROMO Şimali Qafqaz Federal Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində Şimali Qafqaz Federal Universiteti ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" Rusiya KİV-lərə istinadən xəbər verir ki, sənəd kadr ehtiyacları nəzərə alınmaqla mütəxəssislərin hazırlanması və yenidən hazırlanması sahəsində tərəflər arasında əməkdaşlığın qurulmasına yönəlib.

Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov forum zamanı Rusiya ilə Azərbaycan arasında təhsil əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu gün Azərbaycan bu universitetdə təhsil alan əcnəbi tələbələrin sayına görə TOP 5 ölkə sırasındadır:

"Universitetimiz uzun müddətdir ki, Azərbaycan ilə sıx əməkdaşlıq edir. Qeyd etmək istərdim ki, bu gün ümumrusiya və beynəlxalq tədbirlərin fəal iştirakçısı olan 80-dən çox azərbaycanlı tələbəmiz var".

Bundan əlavə, plenar iclasda bildirilib ki, artıq 2024-cü ilin may ayında Şimali Qafqaz Federal Universitetində Rusiya və Azərbaycan Gənclər Təşəbbüslərinin IV Forumu keçiriləcək. Forumun əsas istiqamətləri sırasında gənclər turizminin, könüllülüyün və texnoloji sahibkarlığın inkişafıdır.