Baş prokuror Qaradağda vətəndaşları qəbul edib

Baş prokuror Qaradağda vətəndaşları qəbul edib

Baş prokuror paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Fevralın 28-də Baş prokuror Kamran Əliyev Qaradağ rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və Respublikanın digər bölgələrindən olan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən 36 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.