Deputat Gəncə çayının quruması və su filtrlərindəki problemləri qaldırıb

Deputat Gəncə çayının quruması və su filtrlərindəki problemləri qaldırıb

Gəncə sakinləri hələ də içməli suyu su maşınlarından alır. İstənilən an insanlara qarşı təxribat törədilə bilər.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Gəncədə kanalizasiya layihələrinin icrası davam edir: “Amma bu zaman bir yolu bəzən üç dəfə qazırlar. Bu, sakinlərə çətinlik yaradır. Gəncə çayı Azərbaycanın ən qədim çaylarından biridir, amma bu qədim çay quruyub. Bəzi adamlara Gəncə çayının quruması sərf edir. Onlar istəyir ki, çay qurusun və o əraziləri satsınlar. Bu problemin qarşısı alınsın”.

Deputat su filtrləri ilə bağlı məsələni də qaldırıb: “Su filtrləri nə dərəcədə standartlara cavab verir? Bazarda hər qiymətə su filtri var. Onsuz da biz ölü su içirik. Üstəgəl, filtrlərə aldanaraq, guya təmiz su içdiyimizi düşünürük. Amma bu, təmiz su deyil. Filtrlərlə bağlı xüsusi sertifikasiya həyata keçirilməlidir. əks halda biz özümüzü aldada-aldada pis halla üzləşəcəyik”.

Naqif Həmzə köhnə sayğacları yeni elektron sayğaclarla əvəzləməyi də təklif edib.