Qərb dairələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır - RƏY

Qərb dairələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır - RƏY

Milli Məclisin deputatı Fatma Yıldırım Qərb dairələrinin Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışdığını bildirib.

Deputat “Birxeber.Az”a açıqlamasında qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi həmin dairələrə rahatlıq vermir.

Onun sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində addımlar atıb və BMT nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən özünün beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib: "Görünən odur ki, Qərb dairələri üçün Azərbaycana münasibətdə beynəlxalq hüququn tətbiq edilməsi maraqlı deyildi. Lakin dünyanın ədalətsizliyinə rəğmən Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib”.

Deputat bildirib ki, Azərbaycan regionun sülh və əməkdaşlıq məkanına çevrilməsində maraqlıdır: "Bu məqsədlə Ermənistana sülh sazişi imzalamaq təklif edilib. Lakin regionda geosiyasi maraqları olan Qərb dairələri Paşinyan hakimiyyətini sülhə gəlməməyə təhrik edir. Onlar beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, guya Ermənistana qarşı yeni hücuma hazırlaşması barədə yalan təbliğat həyata keçirirlər. Bu təbliğat fonunda Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılmasında məqsəd də vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaqdır.

Fatma Yıldırım
Fatma Yıldırım

"Bu prosesdə Fransa xüsusi “fəallıq” göstərir. Parisin mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Bu ölkənin prezidenti Emmanuel Makronun fevralın 21-də Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü, görüş zamanı ölkəmizə qarşı səsləndirilən əsassız iddialar qəbulolunmazdır. Ermənilərin maraqları naminə Fransanın beynəlxalq hüquqa hörmətsizliyi, bəşəri dəyərləri ayaqlar altına atması ən azı təəssüf doğurur. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır", - parlamanetari söyləyib.

F.Yıldırım vurğulayıb ki, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır: "Ermənistanın silahlandırılması məhz bu məqsədə xidmət edir. Fransa Avropa İttifaqı üzərindən planlar qurur, Cənubi Qafqaza Ermənistanın vasitəsilə yerləşməyə çalışır. Ermənistana yerləşdirilən “mülki missiya”nın əsl missiyası da məhz bundan ibarətdir. Təsadüfi deyil ki, Paşinyan Fransada olarkən Rusiya və KTMT əleyhinə sərt bəyanatlar səsləndirib. Görünür, budəfəki səfər zamanı Makron Paşinyana yeni vədlər verib. Paşinyanın Parisə səfərindən bir gün sonra Fransanın müdafiə naziri Sebastian Lekornun Ermənistana səfəri məsələyə aydınlıq gətirir. Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana silahlar verib. Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır. Artıq səfər zamanı iki ölkənin müdafiə nazirləri yeni müqavilədə imzalayıblar. Bir sözlə, Ermənistanın silahlandırılması regionumuzda yeni təxribatlar məqsədi güdür. Rəsmi İrəvan anlamalıdır ki, başqalarının təhrikinə uymaq onun üçün xeyir gətirməyəcək”.