Aİ-nin “missiyası” ermənilərin hədəfində - eyş-işrətdən başları açılmır - ŞƏRH

Aİ-nin “missiyası” ermənilərin hədəfində - eyş-işrətdən başları açılmır - ŞƏRH

Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı Qərbin total hücum kampaniyasında Avropa İttifaqı (Aİ) öncüllərdəndir. Təşkilatın Ermənistanda yerləşdirdiyi bədnam “mülki missiya”sı bu prosesdə xüsusi rol oynayır. Missiya birtərəfli qaydada İrəvanı qoruyur, ermənilərin Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara susur, əvəzində Bakını günahlandırmağa cəhd göstərir, faktları təhrif edir, reallığa uyğun olmayan bəyanatlar verir. Maraqlıdır ki, Fransanın diktəsi ilə birtərəfli qaydada Ermənistanı dəstəkləyən missiyadan artıq ermənilərin özləri də narazıdır, bununla bağlı tənqidlərini açıq şəkildə dilə gətirirlər. Tənqidlər hansısa xarici və yaxud Rusiya mediasında deyil, elə erməni mətbuatında geniş yayılır. Ekspert və politoloqlar səviyyəsində bu ittihamların sayının artdığı müşahidə olunur. Xüsusən də, Azərbaycan-Ermənistan şərti sərhədində ermənilərin törətdiyi təxribat və Bakının buna qarşı layiqli cavab aksiyasından sonra bu məsələ daha da aktuallaşıb. Erməni politoloq Hayk Nahapetyanın səsləndirdiyi ittihamlar da buna bariz nümunədir. O, yalnız Avropa İttifaqı missiyasını deyil, Ermənistan rəhbərliyini də tənqid edib. Siyasi icmalçı baş nazir Nikol Paşinyan hökumətində təmsil olunan yüksək rütbəli rəsmiləri yalan danışmaqda günahlandırıb.

H.Nahapetyan “Ermənistanın səsi” radiosuna müsahibəsində konkret olaraq ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı yalançı adlandırıb. Onun Zəngəzurun Nerkin And kəndi yaxınlığında baş vermiş son silahlı insidentin Aİ sayəsində qarşısını almağın mümkün olması barədə bəyanatını şərh edib. Qeyd edək ki, A.Qriqoryan “Rusiya hərbçiləri insidentin qarşısını ala bilməyib” demişdi. Onun sözlərinə görə, avropalı müşahidəçilərin bu əraziyə çıxışı yoxdur, yalnız Rusiyanın çıxışı var, çünki orada olan Moskvanın hərbçiləridir.

“Armen Qriqoryan yalan danışır. Nə Nikol Paşinyan, nə də onun hökumətinin üzvləri yalana görə hüquqi, cinayət, mənəvi və ya inzibati məsuliyyət daşıyırlar. Bu səbəbdən də dezinformasiya yaya bilərlər. İnsanları manipulyasiya etmək üçün yalan alətə çevrilib və indi daha çox yayılıb”, - siyasi icmalçı bildirib.

Yeri gəlmişkən, H.Nahapetyan ölkənin nüfuzlu ekspertlərindən biri sayılır və Rusiyaya yaxınlığı ilə seçilir. Bu səbəbdən də onun Aİ missiyasını tənqid hədəfinə çevirməsi adi siyasi şərh sayıla bilməz. Digər bir səbəb də o ola bilər ki, ermənilər son sərhəd insidentləri zamanı Aİ missiyasının susqunluğundan narazıdır, avropalıların tutduğu mövqe erməniləri özündən çıxarıb. H.Nahapetyanın sözlərinə görə, bir ildən artıqdır ki, Ermənistanda olan Aİ missiyası gərginliyi azaltmaq üçün heç bir addım atmır: “Eyni zamanda, sərhəddə son hadisə zamanı Aİ müşahidəçilərinin niyə regional və ya paytaxt mehmanxanalarında və restoranlarda olduqları aydın deyil”.

Müşahidəçilər missiyasının rəhbəri Markus Ritter də politoloqun sərt tənqidlərindən kənarda qalmayıb. Onun “bu günə qədər missiya sərhədyanı rayonlarda sülh və təhlükəsizliyə töhfə verən 1720 patrul xidməti həyata keçirib” sözlərini şərh edən Nahapetyan qeyd edib: “Daha bir yalan. Armen Qriqoryan da eyni yalanları rəsmi səviyyədə təkrarlayır. Gəlin özümüzə sual verək: hadisə niyə Narkin And kəndi yaxınlığında baş verdi? Çünki oradakı yüksəkliklər əsasən azərbaycanlıların əlindədir. Ermənistanda Aİ missiyasına fantastik imtiyazlar verilir. Aİ missiyasının fəaliyyəti üçün Ermənistana gətirilən əmlak və avadanlıqlar heç bir şəkildə yoxlanılmır, işçilərin maaşlarından vergi tutulmur, dövlət qurumlarının mütləq dəstəyindən istifadə edirlər. Üstəlik, onlar ümumiyyətlə Aİ müşahidəçiləri deyillər”.

Ekspert Kanadanın bu missiyada iştirakı məsələsini də qaldırıb: “Kanada Avropa İttifaqının üzvü deyil, elə deyilmi? Buna baxmayaraq, Kanada nümayəndələri müşahidə missiyasına salınıblar. Buradan sual yaranır: bunlar Avropa İttifaqının, yoxsa Kanadanın da üzvü olduğu NATO-nun müşahidəçiləridir? Qeyd etmək lazımdır ki, bu, Aİ-nin müşahidə missiyası deyil, NATO-nun müşahidə missiyasıdır. Oradan “müşahidəçilər” sözünü çıxarın, çünki əslində bu, Ermənistanda NATO-nun kəşfiyyat strukturudur və onun maraqlarına xidmət edir”.

Qeyd edək ki, fevralın 20-də bədnam missiya Ermənistandakı fəaliyyətinin ildönümü ilə bağlı brifinq keçirib. Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqos iddia edib ki, missiya bölgədə sülhün qorunub saxlanılmasında mühüm rol oynayıb və bu, onların əsas prinsipidir. Lakin missiyanın brifinqi bir çox suallar doğurub. Məsələn, tədbirdə səslənən fikirlər arasında diqqəti çox diqqət cəlb edən Rusiyanın sərt formada ittiham olunmasıdır. Missiya rəhbəri qəzəblə bildirib ki, Moskva Aİ missiyasının müşahidəçilərini Zəngəzur vilayətinin (Sünik) Nerkin And yaşayış məntəqəsinə buraxmayıb. Məhz həmin ərazidə şərti sərhəddə təxribat törədən dörd erməni silahlısı məhv edilib. Bu narazılığı Aİ missiya rəhbəri ilə yanaşı, brifinqdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan də səsləndirib.

Beləliklə, brifinqi Ermənistan və Aİ-nin Rusiyaya qarşı total hücumuna rəsmən start verilməsi də adlandırmaq olar. Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritet məsələdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına çalışılır. Ona görə də Avropa İttifaqı Ermənistandakı missiyasının üzvlərinin sayını artırır. Missiya üzvlərinin sayının artırılması, Rusiyaya qarşı ittihamların hədəfi bəllidir: Ermənistanı Ukraynaya, Suriyaya çevirmək. Deyəsən, planlarını da reallaşdırmağa yaxındırlar.