Britaniyalı professor: İqlim dəyişikliyi dövlətlərin iqtisadi rifahına birbaşa təsir göstərir

Britaniyalı professor: İqlim dəyişikliyi dövlətlərin iqtisadi rifahına birbaşa təsir göstərir

İqlim dəyişikliyi dövlətlərin iqtisadi rifahına birbaşa təsir göstərir: kənd təsərrüfatı istehsalının azalması dünyanı qlobal ərzaq böhranına aparır və inflyasiyanın yüksəlməsi ehtimalını artırır.

Bunu "Birxeber.Az"a açıqlamasında London Kral Kollecinin iqtisadiyyat professoru Gülçin Özkan (Gulcin Ozkan) deyib.

“Aydındır ki, son illərdə ekstremal hava hadisələri adi hala çevrilib: daşqınlar, qasırğalar, quraqlıqlar və hətta yoluxucu xəstəliklərin yayılması demək olar ki, normal hala çevrilib. Belə təbii sarsıntılar iqtisadi itkilərə, istehsal proseslərinin azalmasına və nəticədə gəlirlərin azalmasına səbəb olur”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, anomal isti və soyuqlar nəticəsində enerji resurslarına tələbat arta bilər ki, bu da qiymətlərin bahalaşmasına və ümumilikdə inflyasiyanın artmasına səbəb olacaq: “İqlim dəyişikliyinə ən çox məruz qaldıqları üçün ən az inkişaf etmiş ölkələr daha çox zərbə alacaq. Mövcud araşdırmalara görə, Afrika və Cənub-Şərqi Asiyanın müəyyən hissələri ən həssas bölgələrdir”.

İqlim dəyişikliyi ilə mübarizə üzrə iqtisadi tədbirlərdən danışan professor qeyd edib ki, dünya birliyinin “yaşıl” iqtisadiyyata keçidlə bağlı çətinliklərinə baxmayaraq, fəaliyyətsizlik uzunmüddətli perspektivdə daha çox mənfi nəticələrə səbəb olacaq: “Hesablamalara görə, temperatur sənayedən əvvəlki dövrlərə nisbətən 3 faizdən çox artarsa, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələri üçün əsrin ortalarında qlobal istiləşmə nəticəsində istehsal itkiləri təxminən 40 faizə çata bilər”.