Xidmət rəisi: Bu ilin ilk çərşənbə günündə Bakıda havanın temperaturu bir qədər aşağıdır

Xidmət rəisi: Bu ilin ilk çərşənbə günündə Bakıda havanın temperaturu bir qədər aşağıdır

Bu gün - Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

“Son illərin statistikasına görə, Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır.

Məsələn, 2018-ci ilin Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə isti, 2019-cu ildə 12 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 10 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”, - o qeyd edib.

Xidmət rəisi deyib ki, son illərin çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, 2024-cü ilin Su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha aşağı temperatur ilə səciyyələnir:

"Su çərşənbəsinin inancları suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, sudan qənaətlə istifadə etmək lazımdır".