Erməni deputat: Zelenskinin Ermənistana səfərinə Rusiyanın reaksiyası bizi maraqlandırmır

Erməni deputat: Zelenskinin Ermənistana səfərinə Rusiyanın reaksiyası bizi maraqlandırmır

“Əgər Zelenski Ermənistana gəlmək qərarına gəlibsə, o zaman onu qəbul etmək lazımdır”.

Birxeber.Az xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Qaqik Melkonyan jurnalistlərə bildirib.

Deputat Rusiyanın bu səfərə reaksiyasının maraqlı olmadığını da deyib:

"Bu, onların şəxsi işidir. Bizi ancaq dövlətimizin maraqları düşündürür və yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq".

Parlamentari ölkənin Baş naziri Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mövcudluğunu dondurması barədə bəyanatına münasibət bildirib:

"Dondurmaq o deməkdir ki, təxminən bir ildir KTMT tədbirlərində iştirak etmirik".

Melkonyan ona ünvanlanan "Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı tələsməməyə çağırır, onun məsləhətinə əməl edəcəksiniz?" sualına cavab olaraq deyib:

"Lukaşenko çox söz deyib, xüsusilə də Ermənistanın hara yuvarlanacağı barədə fikir bildirib. Bu ölkə qul kimi yaşayır, lakin biz elə yaşamaq istəmirik".

O həmçinin əlavə edib ki, Ermənistan da bundan əvvəl qul kimi yaşayıb, bütün nazirlər, o cümlədən Müdafiə Nazirliyinin rəhbəri Rusiyanın razılığı ilə təyin olunub.