Birxeber.az / Meksikada "Xocalı soyqırımı" abidəsinin önündə anım tədbiri keçirilib

Meksikada "Xocalı soyqırımı" abidəsinin önündə anım tədbiri keçirilib

25-02-2024, 15:40

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı Səfirliyinin və Meksika Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin Tlakskoake/Xocalı meydanındakı “Xocalı soyqırımı” abidəsinin önündə Xocalı qurbanlarının əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Bu barədə "Birxeber.Az"a səfirlikdən bildirilib.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Elva Aqustina Vigil Hernandez, sözügedən dostluq qrupunun üzvü və keçmiş sədri, deputat Alberto Viyya Viyeqas, Meksika Deputatlar Palatasının digər üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvləri, yerli media və QHT-lərin nümayəndələri, habelə Azərbaycanın dostlarının iştirakı ilə keçirilmiş anım tədbirində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Meksikadakı səfiri M.Talıbov çıxış edərək, XX əsrin mülki əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərindən olan Xocalı soyqırımının acı nəticələrindən danışıb, soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmalarının, beynəlxalq səviyyədə bu kimi mənfur hərəkətlərə qarşı mütləq dözümsüzlük mesajının, o cümlədən törədilmiş faciəyə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyindən söz açıb. Ədalətin bərpa olunması və bu kimi cinayətlərin bir daha təkrarlanmaması üçün “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini vurğulayıb.

Səfir, həmçinin çıxışında bir sıra ölkənin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyini xatırladaraq, bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü bildirib.

Çıxışında habelə, səfir ötən ilin 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın dövlət bayrağını qaldırdığını, bununla da xalqımızın möhkəmliyini və faciə qurbanlarını heç vaxt unutmamaq əzmini əbədiləşdirdiyini bildirib.

Həmçinin, səfir çıxışında bu gün artıq ölkəmizin uzun illər davam etmiş işğaldan sonra keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətlə qayıtmasını təmin etmək naminə işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərindən söz açıb.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Elva Aqustina Vigil Hernandez isə öz növbəsində iştirakçılara 1992-ci ildə ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş amansız faciə barədə ətraflı məlumat verərək, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bu gün keçirilən anım tədbirində dərin ehtiramla yad edildiyini və dost Azərbaycan xalqının ağrı və kədərini bölüşdüyünü bildirib.

Sonda səfirliyin və Meksika-Azərbaycan dostluq qrupunun adından “Xocalı soyqırımı” abidəsi önünə əklillər qoyulub, iştirakçılar tərəfindən gül dəstələri düzülüb.

Tədbir iştirakçılarına Xocalı faciəsindən bəhs edən broşür və materiallar təqdim olunub.

Geri qayıt