Birxeber.az / “Xalqın Mədəni Sərvəti” layihəsi çərçivəsində Qara Qarayevə həsr olunmuş Musiqi Paradı başa çatıb - FOTO

“Xalqın Mədəni Sərvəti” layihəsi çərçivəsində Qara Qarayevə həsr olunmuş Musiqi Paradı başa çatıb - FOTO

17-02-2024, 10:50

14-16 fevral tarixlərində keçirilən "Xalqın Mədəni Sərvəti" layihəsi çərçivəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunmuş Musiqi Paradı başa çatıb.

Gəncə Dövlət Filarmoniyasından Birxeber.Az-ya verilən xəbərə görə, layihənin sonuncu günü Gəncə Mallda Göygöl rayon Xəqani kənd Uşaq Musiqi Məktəbi, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbi, Goranboy rayon Mehman Nazarov adına Qızılhacılı qəsəbə Uşaq Musiqi Məktəbi, Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbi, Samux şəhər Uşaq Musiqi Məktəbi, Goranboy rayon Borsunlu kənd Uşaq Musiqi Məktəbi, Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbi, Goranboy rayon Səfikürd kənd Uşaq Musiqi Məktəbi, Goranboy rayon Düzqışlaq kənd Uşaq Musiqi Məktəbi, Goranboy rayon Xanqərvənd kənd Uşaq Musiqi Məktəbi, Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbi, Goranboy rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı keçirilib.

Musiqi Paradının təntənəli bağlanışı Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində baş tutub. Layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək layihənin gerçəkləşməsində ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə, bütün musiqi məktəblərinin müəllim və şagirdlərinə təşəkkürünü bildirərək qeyd edib ki, bu cür layihələr Gəncənin klassik mədəni həyatında hadisəyə çevrilir. O bildirib ki, bundan sonra da bu cür layihələrin gerçəkləşməsində Filarmoniya öz xidmətlərini göstərəcək. Bağlanışda Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Qara Qarayevin əsərləri səsləndirilib. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, Urban Mərkəzində keçirilən təntənəli bağlanış mərasimində həmçinin Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sərgisi də təşkil olunub.

Geri qayıt