Birxeber.az / Livan paytaxtında nümayişçilər keçmiş baş nazirin hakimiyyətə qayıtmasını tələb edib

Livan paytaxtında nümayişçilər keçmiş baş nazirin hakimiyyətə qayıtmasını tələb edib

14-02-2024, 21:40

“Əl-Müstəqbəl” sünni hərəkatının yüzlərlə tərəfdarı Livanın paytaxtı Beyrutun mərkəzində keçirilən mitinqdə liderləri, keçmiş baş nazir Səəd Həririnin hakimiyyətə qayıtmasını tələb ediblər.

“Report” xəbər verir ki, bu barədə TASS-a Məhəmməd Əmin məscidi yaxınlığında keçirilən aksiyanın iştirakçılarından biri məlumat verib.

“Leysan yağışına baxmayaraq, yüzlərlə nümayişçi şəhərin mərkəzinə toplaşıb. Onlar şüarlar səsləndirərək keçmiş baş naziri siyasi fəaliyyətə qayıtmağa və maliyyə çöküşündən sonra ölkənin dirçəliş prosesinə rəhbərlik etməyə çağırıblar”, - mənbə qeyd edib. Onun sözlərinə görə, aksiya Həririnin sünni icmasının əsas siyasi lideri olaraq qaldığını göstərmək məqsədi daşıyıb.

Sabiq baş nazir 2005-ci il fevralın 14-də terror aktının qurbanı olmuş atası, livanlı siyasətçi Rafiq Həririnin ölümünün 19-cu ildönümünü qeyd etmək üçün Dubaydan Beyruta gəlib. Paytaxtın mərkəzində, Rafiq Həririnin dəfn olunduğu məkanın məscidin yanında baş nazirin gəlişini böyük izdiham alqışlasa da, o, ictimaiyyət qarşısında danışmaq istəməyib.

Sonra Beytül-Vəsatdakı iqamətgahının yaxınlığında “Əl-Müstəqbəl” tərəfdarları ilə görüşdə o, siyasi səhnəyə qayıtmaq fikrində olmadığını açıq şəkildə bildirib. “Harada olsam da, əzab çəkən Livan xalqını unutmuram. Ümid edirəm ki, vaxt gələcək və vəziyyət düzələcək. Ölkənin qayğısına qalın, qoyun onun nəbzi atsın”, - Səəd Həriri deyib.

Geri qayıt