Birxeber.az / Şəmkirdə dönərdən zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

Şəmkirdə dönərdən zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

14-02-2024, 17:50

Aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şəmkirdə müxtəlif vaxtlarda dönər qəbul etmiş şəxslərin zəhərlənmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Bu barədə AQTA-dan Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən zərərçəkənlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulub və hazırda xəstələrin ambulator yardım alaraq evə buraxıldığı məlum olub:

"Həmçinin Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətində araşdırmalar davam etdirilir və araşdırmaların nəticəsi barədə məlumat veriləcək. Əlavə olaraq qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir".

***

11:08

12.02.2024-cü il tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsilə 4 müraciət, 13.02.2024-cü il tarixində isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir.

***

10:38

Şəmkirdə kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərin 20 Yanvar küçəsində yerləşən dönərxanaların birində qeydə alınıb.

2015-ci il təvəllüdlü Renat Quluyev, 2015-ci il təvəllüdlü Cihat Cəlilov, 2015-ci il təvəllüdlü Zəhra Nadirova, 2015-ci il təvəllüdlü İpək Məmmədova, 2020-ci il təvəllüdlü Ruzi Məmmədov, 2014-cü il təvəllüdlü Asəf Məmmədli, 2017-ci il təvəllüdlü Banu Məmmədli, 2018-ci il təvəllüdlü Ömər Məmmədov, 2013-cü il təvəllüdlü Sunal İsgəndərov və 2008-ci il təvəllüdlü Aysu Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, uşaqlar dönər yedikdən sonra zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Qida Təhlükəsizliyi Agentliyindən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Geri qayıt