Birxeber.az / Narkotik qaçaqmalçılığı edən futbolçu üçün 9 il həbs istənilib

Narkotik qaçaqmalçılığı edən futbolçu üçün 9 il həbs istənilib

14-02-2024, 14:50

Rusiya Premyer Liqa təmsilçisi "Spartak"ın niderlandlı futbolçusu Kuinsi Promes kokain qaçaqmalçılığında aparıcı rol oynayıb.

Apasport.az "AD" qəzetinə istinadla xəbər verir ki, bu səbəblə Amsterdam prokurorluğu futbolçunun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokurorluğun məlumatına görə, Promes və əlaltıları 2020-ci ilin yanvarında Antverpen limanına gələn iki kokain yükünün daşınmasında iştirak edib. Birinci yükün çəkisi 650 kq, ikincinin çəkisi isə 712,8 kq olub. Yüklərdən biri polis tərəfindən ələ keçirilsə də, digər yükün artıq bazara daxil olduğu güman edilir. Yükün kommersiya dəyəri milyonlarla avroya bərabərdir.

Məlumata görə, futbolçu öz qohumu ilə əlbir işləyir. Məhkəmə onun qohumunun 8 il cəzalandırılmasını tələb edir.

Xatırladaq ki, bu, Promesin müttəhimə çevrildiyi ilk cinayət işi deyil. O, bundan əvvəl əmisi oğluna hücum etdiyinə görə 18 ay həbs cəzası alıb. İstintaqın məlumatına görə, Kuinsi qohumunu dizindən bıçaqlayıb.

Qeyd edək ki, Kuinsi 2021-ci ildən "Spartak"da oynayır. Niderlandlı 2014-2018-ci illərdə də komandada çıxış edib. 2017-ci ildə futbolçu Rusiya çempionu və Superkubokun, 2021/22 mövsümündə ölkə kubokunun qalibi olub.

2022/23 mövsümünün sonunda Promes 27 matçda 20 qol vuraraq Dünya - Rusiya Premyer Liqasının bombardiri siyahısında ikinci yeri tutub.

Geri qayıt