Birxeber.az / Mahnı üstündə DSX gizirini qətlə yetirməyə görə tutulanların məhkəməsində şabid ifadə verib

Mahnı üstündə DSX gizirini qətlə yetirməyə görə tutulanların məhkəməsində şabid ifadə verib

14-02-2024, 13:50

Restoranda baş verən davada Vətən müharibəsi iştirakçısını öldürməkdə təqsirləndirilən - İlqar Abdurahmanov və Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Rüfət Binyətov ifadə verib.

Rüfət Binyətov ifadəsi zamanı hadisə baş verən restoranda dijey işlədiyini, davanın mahnı sifarişi üstündə olduğunu bildirib: "Restoranda dijey işləyirdim. Cəsarət Vəliyevlə oturan Camal həmin gün mahnı sifariş vermək istədi. Məni stola çağırdı. Sifariş verdiyi mahnı “vorovskoy” mahnı idi. Mən də ona dedim ki, belə mahnı vermirik. Mənə müdiriyyət demişdi ki, belə sifarişləri qəbul eləmə. Sonra onlar səhnədə müğənninin yanına getdilər. Mən də səhnəyə getdim. Cəsarət məni söydü və vurdu. Sonra restoranda olanlar durdu gəldi bizi ayırmağa. Orxanla İlqar da yanımıza gəldilər. Dedilər lazım deyil. Cəsarətgil söyüş söyürdülər. Sonra dava düşdü. Onları heç kim sakitləşdirə bilmirdi".

Daha sonra Rüfət Binyətovun ifadələri arasında ziddiyyət olduğu üçün istintaqa verdiyi ifadə elan edilib.

Məhkəmə prosesi fevralın 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il martın 16-da qətlə yetirilən Cəsarət Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub.

Hadisə xidmətdən kənar vaxtda, metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.

Geri qayıt