Birxeber.az / Naxçıvanda seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb

Naxçıvanda seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb

22-01-2024, 19:40

Prezident seçkiləri ilə əlaqədar Naxçıvanda Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb.

“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, treninqlərə bu dəfə 4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri cəlb olunub. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.

4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyanın sədri Çingiz Həsənli bildirib ki, bu gün treninqlərin sonuncu günüdür. Treninqdə protokolların yazılması, bülletenlərin kəsilməsi, sədrin, katibin, üzvlərin vəzifələri haqda geniş məlumatlar verilib. Həmçinin səsvermə bitdikdən sonra yekun səsvermə protokolunun necə doldurulması qaydası da ətraflı izah edilib.

Treninqlərə cəlb olunan əməkdaşlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə ediblər.

Geri qayıt