Birxeber.az / ABŞ-da 148 ildən sonra ilk: Konqresin aşağı palatası nazirin impiçmentini dəstəkləyib

ABŞ-da 148 ildən sonra ilk: Konqresin aşağı palatası nazirin impiçmentini dəstəkləyib

14-02-2024, 05:40

ABŞ Konqresinin Nümayəndələr Palatası tam tərkibdə ikinci cəhddən ölkənin daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın impiçmentini dəstəkləyib.

“Report” xəbər verir ki, Mayorkanın impiçment edilməsinə dair qətnamənin təsdiqlənməsi üçün Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında sadə səs çoxluğu lazımdır.

Səsvermənin nəticələrinə görə, 214 deputat Mayorkasın impiçmentinin leyhinə, 213 deputat isə əleyhinə səs verib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson səsvermədən sonra Mayorkasın impiçmentə layiq olduğunu deyib. Onun sözlərinə görə, daxili təhlükəsizlik naziri Amerika administrasiyasında işlədiyi ilk gündən qəsdən və ardıcıl olaraq federal immiqrasiya qanunvericiliyinə əməl etməkdən imtina edərək, ABŞ tarixində sərhəddə ən pis fəlakətə səbəb olub.

Fevralın 7-də Nümayəndələr Palatasında keçirilən səsvermə zamanı nazirin impiçmenti ilə bağlı qətnamə səs çoxluğu ilə təmin olunmayıb.

Amerika mediası qeyd edir ki, Alexandro Mayorkasın impiçmenti barədə qətnamə çox güman ki, ABŞ Konqresinin Demokratların nəzarətində olan Senat tərəfindən dəstəklənməyəcək.

“CNN” vurğulayır ki, Mayorkas 1876-cı ildən bəri impiçmenti Konqresin aşağı palatası tərəfindən dəstəklənən ilk amerikalı nazir olub.

ABŞ prezidenti Cozef Bayden qəbul edilən qərarın konstitusiyaya zidd olduğunu adlandırıb. Onun sözlərinə görə, respublikaçılar bu cür siyasi hərəkətlərlə məşğul olmaq əvəzinə sərhəddə təhlükəsizliyi yaxşılaşdırmaq üçün Konqresə təzyiq göstərməlidir.

Geri qayıt