Birxeber.az / Miller: "ABŞ Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan narahatdır"

Miller: "ABŞ Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan narahatdır"

14-02-2024, 01:50

ABŞ Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə sadiq qalır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Mille mətbuat konfransında məlumat verib.

"Bir neçə insan itkisi ilə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Gücdən istifadə danışıqlar üçün səylərə xələl gətirir. Davamlı sülhün yeganə yolu danışıqlar masasından keçir".

Miller atəşkəs rejiminin pozulması hallarının araşdırılacağını vurğulayıb.

Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Bundan əlavə, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

"Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistantərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə məlumatda qeyd olunub.

Geri qayıt