Birxeber.az / Azərbaycan millisinin baş məşqçisi badmintonçuların çıxışını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi badmintonçuların çıxışını dəyərləndirib

13-02-2024, 14:40

Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi badmintonçuların Bakıda təşkil olunan “Azerbaijan International 2024” turnirində çıxışlarını dəyərləndirib.

Mütəxəssis "Report"a açıqlamasında yığma üzvlərinin nəticələrindən razılıq bildirib: “Yarışa qatılan idmançılarımızdan 70 faizi gənclər idi. Onlardan çox razıyam. Azərbaycanın iki təmsilçisi - Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra olimpiadaya vəsiqə qazanmağa iddiaçıdırlar. Məqsədimiz onların bu turnirdə 1/4 finala qədər irəliləmələri idi. Hesab edirdik ki, 2200 xal qazansaq, dünya reytinqində 25-26-cı yerlərdə qala bilərik. Bu nəticəni qazandığımız üçün şadıq. Keişa hətta yarımfinala yüksələrək medal qazana da bilərdi. Yenə də zədələnməmələri məni sevindirdi. İnanıram ki, qazanılan reytinq xalları idmançılarımızın olimpiadaya lisenziya əldə etmələrinə kömək olacaq”.

Baş məşqçi 5 kateqoriya üzrə baş tutan yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Dünyanın ən güclü qadın və kişi badmintonçuları bu yarışda iştirak etdilər. Avropa və Asiyadan gələn hakimlər də yüksək səviyyəli referilər idi. Bu da onu göstərir ki, turnir dünyanın maraq dairəsindədir və Azərbaycana inanırlar. Təşkilatçılıqla bir daha sübut etdik ki, Dünya Badminton Federasiyası gələcəkdə mötəbər yarışların ev sahibliyini Azərbaycana həvalə edə bilər”.

Morteza Validarvi növbəti “Azerbaijan International 2024” turnirinə daha çox badmintonçunun qatılacağına inandığını vurğulayıb: “Bütün idmançılar, məşqçilər, hakimlər və rəsmilər Azərbaycandan razı getdilər. Çoxları ilk dəfə bura gəlmişdilər. Ölkənin gözəlliyindən, yüksək səviyyəli təşkilatçılıqdan, ədalətli idarəçilikdən danışırdılar. Qonaqlar başqa mötəbər yarış üçün Azərbaycana gəlmək arzusunda olduqlarını bildirdilər. Onların çoxu növbəti dəfə bura ailələrini də gətirəcəklərini bildirdi. Artıq əminəm ki, gələn il keçiriləcək “Azerbaijan International 2024”ə daha çox idmançı qatılacaq”.

Qeyd edək ki, “Azerbaijan International 2024” turnirində Azərbaycan təmsilçiləri Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra 1/4 finalda mübarizəni dayandırıblar.

Geri qayıt