Birxeber.az / General Tçiani: "Niger, Burkina Faso və Mali artıq Fransanın “sağmal inəyi” olmaq istəmir"

General Tçiani: "Niger, Burkina Faso və Mali artıq Fransanın “sağmal inəyi” olmaq istəmir"

12-02-2024, 12:40

Nigerin hakim Vətəni Müdafiə Milli Şurasının (CNSP) rəhbəri general Abdurahman Tçiani Burkina Faso və Mali ilə birgə vahid valyutanın yaradılmasının mümkün olduğunu bildirib.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə o, milli televiziya kanalına müsahibəsindən deyib.

“Valyuta suverenliyin rəmzidir. Niger, Burkina Faso, Mali suverenliyin tam bərpası prosesində iştirak edir. Artıq ölkələrimiz Fransanın “sağmal inəyi” olmaq istəmir”, - o vurğulayıb.

General vahid valyutanın mümkün tətbiqi ilə bağlı ətraflı məlumat verməyib.

Xatırladaq ki, daha əvvəl Mali, Burkina Faso və Niger liderləri Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan ediblər. Onlar kollektiv müdafiə arxitekturası yaratmaq üçün Sahel Dövlətləri Alyansının yaradılması haqqında xartiya imzalayıblar. Bu sənədə əsasən, bir və ya bir neçə tərəfin suverenliyinə və ya ərazi bütövlüyünə hücum digərlərinə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Geri qayıt