Birxeber.az / David Araxamiya: "Bizim üçün siyasi baxımdan zərərli olsa da, sıralarımızı təmizləyirik" - MÜSAHİBƏ

David Araxamiya: "Bizim üçün siyasi baxımdan zərərli olsa da, sıralarımızı təmizləyirik" - MÜSAHİBƏ

10-02-2024, 11:40

Ukrayna hakim "Xalqın xidmətçisi" partiyasının fraksiya rəhbəri David Araxamiya "Report"un Şərqi Avropa bürosuna müsahibəsində ölkənin Silahlı Qüvvələrində dəyişikliklər, yeni hərbi səfərbərlik, Avropanın hərbi yardımı və s. məsələlər barədə danışıb.

- Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeri Zalujnının vəzifəsindən azad edilməsi fonunda Prezident Volodimir Zelenski bəyan etdi ki, bir çox nazir və digər məmurları da dəyişmək istəyir. Bu zərurət nədən qaynaqlanır?

- Müharibə dövründə bütün proseslər sürətlə cərəyan edir və daha dinamik olur. Belə ki, hər bir münaqişədə müharibənin müxtəlif mərhələləri olur. Buraya aktiv, çox aktiv faza, daha sonra resursların tükənməsi, yeni strategiyalar, yanaşmalar daxildir. Təəssüf ki, bütün insanlar bu vəziyyətə tez bir zamanda uyğunlaşa bilmirlər. Hazırda vəziyyət çox dinamikdir. Yəni hər həftə tamamilə yeni bir vəziyyətlə qarşılaşırıq. Müharibə dövründə 1 ay bizim üçün 1 ilə bərabərdir. Bu məsələ ilə bağlı siyasi məsələ yoxdur. Bu, yalnız idarəçilik məsələsi ilə bağlıdır. Yəni bunlar sırf idarəetmə qərarlarıdır. Kimsə vəzifəsinin öhdəsindən gələ bilmirsə, qarşıya qoyulan məqsədləri vaxtında yerinə yetirmirsə, yeni reallıqları qəbul etmirsə, o zaman əvəzləmələr etmək lazımdır. Yeri gəlmişkən, biz həmişə belə edirdik, hətta müharibədən əvvəl də.

Qeyd edim ki, sülh dövründə yalnız altı ay siyasi komanda olaraq işləyə bildik. Daha sonra COVID-19 pandemiyası yayıldı. Dəyişikliklər və çağırışlar çox idi. O dövrdə bir çox məqsədyönlü dəyişikliklər etdik: nazirlər kabineti, hüquq-mühafizə orqanları, hərbi nazirliklər səviyyəsində və s. Açığı, bu məsələ ilə bağlı intriqaların olduğunu düşünmürəm. Bu, adi, rutin yenilənmə prosesidir.

Nəzərə alın ki, biz heç vaxt heç kimi diqqətimizdən kənarda qoymuruq. Yəni özlərini təsdiqləmiş və uzun müddət çalışmış insanlar üçün özlərini effektiv şəkildə göstərmələri məqsədilə fərqli mövqelər axtarırıq.

- Yeni hərbi səfərbərlik gözlənilir və bu artıq davam edən genişmiqyaslı müharibədə Ukrayna üçün zərurətə çevrilib. Xarici maliyyə yardımının azalması fonunda yeni ordu nə ilə maliyyələşəcək?

- Maliyyə vəsaitini daxili mənbələr hesabına axtaracağıq. Başa düşürük ki, xarici maliyyələşdirmə ilə bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Doğrudur, bu yaxınlarda Avropa İttifaqı (Aİ) 4 il üçün 50 milyard avroluq proqram qəbul edib. Yəni bizim gələcək 4 il üçün maliyyə vəsaiti ilə bağlı müəyyən anlayışımız var. Ötən həftə ABŞ-də səfərdə idim. Orada da prinsipcə hər kəsin Ukraynanı dəstəklədiyinin şahidi oldum. Sadəcə olaraq, daxili siyasətdə hələ də sərhədlə bağlı məsələlər qalır. Hesab edirəm ki, gec-tez onlar bizim məsələ ilə sərhəd məsələsini ayıracaq və İsrail, Ukrayna, Tayvana yardımın ayrılmasının lehinə səs verəcəklər. Yaxud sərhəd məsələsinə dair kompromis tapıb həmin yolla maliyyə vəsaiti ayıracaqlar. Bu, yaxın iki ay ərzində davam edəcək prosesdir. Bu iki ay üçün resurslarımız var və özümüzü bu mənada tamamilə təhlükəsiz hiss edirik. Səfərbərliyin yeni dalğalarının necə maliyyələşdirməsinə gəlincə, səfərbərlik demobilizasiya olmadan baş tutmayacaq. Yəni bəzi hərbçilər tərxis olunacaq. Səfərbərliyə cəlb edilmiş şəxslərin təchiz edilməsi və öyrədilməsi ilə bağlı əlavə xərclər olacaq. Bu məsələdə bizim müttəfiqlərimiz var. Biz əks-hücuma hazırlaşanda 200 mindən çox təlim keçmiş hərbçimiz var idi.

Onların bəziləri xaricdə, məsələn, Rumıniya, Fransa, İtaliya, İspaniya və s. ölkələrdə təlimlər keçmişdilər. Yəni bizim bununla bağlı müqavilələrimiz var. Təlimlər həmin ölkələrin hesabına həyata keçirilib.

Bir sözlə, bu məsələyə dair böyük böhranın olduğunu düşünmürəm. Bununla bağlı suallar var, amma onların əksəriyyəti işgüzar suallardır...

- Yeri gəlmişkən, 50 milyardın ayrılması zamanı Avropa İttifaqının Ukrayna qarşısında əsas şərtlərindən biri yenə də korrupsiyaya qarşı həll edici tədbirlərin görülməsi oldu. Amma hələ də, hətta müharibə dövründə, ölkədə ciddi korrupsiyalar ilə bağlı xəbərlərin şahidi oluruq. Bu problemi necə həll etmək fikrindəsiz?

- Bu yaxınlarda qlobal antikorrupsiya reytinqi dərc olunub. Ukrayna bu reytinqin tarixində ən böyük sıçrayışa nail olub. Biz çoxlu islahatlar aparmışıq. Təəssüf ki, onlar insanların özlərinin istədiyi qədər sürətlə həyata keçirilmir. İnsanlar istəyirlər ki, hakimiyyət nəsə etsin və bir həftədən sonra korrupsiya yox olsun. Gəlin, realist olaq, bu, belə olmur.

Biz müxtəlif partiyaların siyasətçilərinin də iştirakı ilə bu istiqamətdə çoxlu sayda qanunlar qəbul etmişik. Ukraynada Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu fəaliyyət göstərir. Bu, istintaq orqanı kimidir. Onun prosessual idarəçiliyi həyata keçirən xüsusi antikorrupsiya prokurorluğu, antikorrupsiya məhkəməsi var. Bu islahatın özü təxminən 5 il çəkdi, amma bu gün kifayət qədər sürətlə həyata keçirilir. Məsələn, sadə statistika, Ukrayna məhkəmələrində son iki ildə dəmir barmaqlıqlar arxasına düşən hakimlərin sayı Ukraynanın müstəqilliyinin bütün 30 ili ərzində məhkum olunmuş hakimlərin sayından çox olub. Eyni şey prokurorlara da aiddir, təhlükəsizlik xidmətinin rəhbərləri var ki, onların barəsində bu araşdırmalar aparılır. Biz düzgün yoldayıq. Sadəcə, ölkə böyükdür. Dövlət sistemində bütün dövlət qulluqçuları ilə bərabər yarım milyondan çox insan çalışır. Amma buna baxmayaraq, biz rəqəmsallaşmaya doğru gedirik. Bilirsiniz ki, Ukrayna dünyada ilk olaraq sürücülük vəsiqələrini, pasportları və s. mobil telefonda sadəcə olaraq elektron formada leqallaşdırdı. Elə etdik ki, sistem prosesləri avtomatik idarə etsin. Beləliklə, məsələn, tikinti icazələri ilə bağlı korrupsiya faktiki olaraq aradan qalxıb.

Bizdə bu prosesləri rəqəmsallaşdıran Rəqəmsal Transformasiya Nazirliyi var. Beləliklə, biz cəza və bütün bu prosesin rəqəmsallaşdırılması kimi iki vektor görürük.

Biz bu parlamentdə tamamilə qərəzsiz olan yeganə həqiqi siyasi qüvvəyik. Çox şəffaf mövqeyimiz var. Bəzən bu, bizim üçün siyasi baxımdan zərərli olsa da, sıralarımızı təmizləyirik. Bizdə ümumiyyətlə belə bir fəlsəfə var idi ki, bu deputatların heç biri bu parlamentə qədər siyasətdə olmayıb.

- ABŞ-da tezliklə prezident seçkiləridir və Ukraynaya qarşı çıxışlarında fərqli münasibət sərgiləyən Donald Trampın şansı çoxalır. O prezident seçiləcəyi halda Ukrayna üçün risklər varmı?

- Səhv etmirəmsə, 2021-ci ildə prezidentimizlə birlikdə nümayəndə heyətinin tərkibində şəxsən Donald Trampla görüşmüşəm. Əsas odur ki, vəzifəyə gələndə nə edəcəklər. ABŞ-da tarazlığı saxlayan sistem, departamentlər, xidmətlər var. Trampın dövründə bir növ dəyişikliyin olacağını düşünmürəm. Belə risklər varmı? Bəli var. Amma bu hazırda çox yüksək görünmür. Lakin bu gün bizi arxayın edən ən mühüm şey odur ki, Konqresdə və ABŞ Senatında bizim ikipartiyalı dəstək sistemimiz var. Həm Respublikaçılar, həm də Demokratlar Ukraynanı dəstəkləyir. Bizim üçün ən vacibi budur. Onlar siyasətçidirlər, seçicilərini dinləyirlər. Biz ABŞ-da, ştatlarda, Ukraynaya qarşı münasibətləri ilə bağlı sorğular apardıq. Bunlar ölkənin köməyə ehtiyacı varmı, yoxsa yardımı azaltmaq lazımdırmı və s. idi. Bu gün amerikalıların böyük əksəriyyəti, deyirlər ki, Ukrayna təcavüzün qurbanı olduğu üçün ona kömək etmək lazımdır. Ona görə də nə qədər ki, vəziyyət bu cür qalacaq, biz özümüzü sakit hiss edirik. Əgər Tramp prezident olarsa, biz əminik ki, o, indiki hökumətin bu gün Ukraynaya göstərdiyi münasibətindəki kimi ədalətli davranacaq.

Geri qayıt