Birxeber.az / Husilərin “dəniz müharibə”si: Dünya iqtisadiyyatı və ABŞ-ın bölgədə hegemonluğu necə çökür? - TƏHLİL

Husilərin “dəniz müharibə”si: Dünya iqtisadiyyatı və ABŞ-ın bölgədə hegemonluğu necə çökür? - TƏHLİL

22-01-2024, 14:50

2023-cü il oktyabrın 7-də HAMAS qruplaşmasının İsrailə gözlənilməz və genişmiqyaslı hücumu Yaxın Şərqdə geosiyasi zəlzələ effekti verdi. Bu zəlzələnin afterşokları özünü Livanda, İranda, İraqda, Suriyada və Yəməndə bu gün də biruzə verir. Regional münaqişənin dünyanın qlobal siyasi və iqtisadi sabitliyinə təsir riskləri xüsusilə, Yəməndə böyükdür. Belə ki, keçən il oktyabrın 19-da İsrailin Qəzzada HAMAS-a qarşı quru əməliyyatlarına başlamasından sonra Yəməndəki husilər İsrailə müharibə elan edib.

Husilər, yaxud tam adı ilə “Ənsar Allah” (“Allahın döyüşçüləri”) hərəkatı 2004-cü ildə yaranıb. Onun üzvləri VIII əsrdə Səudiyyə Ərəbistanında yaranan və şiəliyin bir qolu sayılan zeydilər təriqətinə sitayiş edirlər. Yəmənin 30 milyonluq əhalisinin təxminən 8-10 milyonu zeydilər təriqətinə sitayiş edir. Daha çox ölkənin şimal-qərbində, Qırmızı dəniz sahilində yerləşən Səada vilayətində məskunlaşan bu dini-hərbi icmanın əsas silahlı qanadı “Ənsar Allah” adlanır. Hərəkatın əsasını qoyan Hüseyn Əl-Husinin 2004-cü ildə Yəmən hökumət qoşunları ilə toqquşmada öldürülməsindən sonra qruplaşma onun adı ilə həm də husilər kimi tanınmağa başladı. Ölkədəki sünni çoxluğuna həmişə müxalif olan husilər siyasi platformasında zeydilər ABŞ və İsraili düşmən sayır, eyni zamanda Yəmən hökumətindən öz icmaları üçün daha çox səlahiyyət istəyirdi. Qruplaşma ilk dəfə 2014-cü ildə bütün dünyanın diqqətini özünə cəlb etdi. Həmin il onlar Yəmən Prezidenti Abdurabbih Mənsur Hadiyə qarşı qiyam qaldırdılar və 2014-cü ilin sentyabrında paytaxt Səna şəhəri də daxil olmaqla, şimal-qərb ərazilərini nəzarətə götürdü. Bu zaman Yaxın Şərqin əksər şiə icmalarında öz proksi şəbəkəsini quran İran indiyədək prioritet saymadığı husilərə qazandıqları ciddi uğurlar fonunda hərbi və maliyyə yardımı ayırmağa başlayır. 2015-ci ilin martında Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası Prezident Hadinin yardım çağırışından sonra Yəməndəki vətəndaş müharibəsinə müdaxilə edir. Amma ötən 9 il ərzində koalisiya husilərin müqavimətini yara bilməyib. Son vaxtlara qədər tərəflər arasında sülh danışıqları aparılırdı.

Hazırda Yəməndə vahid dövlət mövcud deyil, hökumət qüvvələri ölkə ərazisinin 60%-nə nəzarət etsə də, ölkə əhalisinin əsas hissəsinin yaşadığı və ən məhsuldar torpaqlarının yerləşdiyi 25%-lik hissə husilərin nəzarəti altındadır. Buraya Yəmənin strateji önəm daşıyan Qırmızı dəniz sahilləri də daxildir. Bundan başqa, ölkənin cənubunda Birləşmiş Ərəb Əmirliklərinin təsiri altında olan Cənub Keçid Hökuməti, mərkəzi bölgəsində isə İŞİD və “Əl Qaidə” qruplaşmalarına məxsus məhdud ərazilər var.

Vətəndaş müharibəsinin davam etdiyi illər ərzində “Ənsar Allah” qruplaşması silahlı partizan dəstəsindən böyük təcrübəsi olan 120 minlik döyüş qabiliyyəti orduya çevrilir. İranın dəstəyi ilə ballistik raket və pilotsuz uçuş aparatlarının istehsalında ciddi irəliləyiş əldə olunur. Husilərin bu hərbi potensialı 2023-cü il oktyabrın 19-da İranın digər proksi qüvvələri kimi İsrailə qarşı hərbi əməliyyatlara qoşulması zamanı özünü göstərir. Amma “Hizbullah” və HAMAS-dan fərqli olaraq, husilərin İsraillə birbaşa quru sərhədləri yoxdur. Oktyabrdan başlayaraq husilər İsrailin Eylat limanı daxil olmaqla, bir sıra şəhərlərinə ballistik raketlər atdı. Həmin raketlərin atılması simvolik məna daşısa da, bir daha husilərin ciddi raket və pilotsuz uçuş aparatı (PUA) arsenalına malik olduqlarını ortaya qoyur. Digər tərəfdən, husilər İsrailə başağrısı vermək üçün daha effektiv yol tapdılar. Onlar dünya dəniz ticarətinin 12%-nin keçdiyi Süveyş kanalına çıxmaq üçün gəmilərin Yəmən sahillərinə yaxın Bab-əl-Məndəb boğazından və Qırmızı dənizdən keçdiyini bilirdi. Qruplaşma ötən ilin noyabrından bu yolla İsrailə gedən bütün ticarət gəmilərini hədəfə aldıqlarını elan edir.

Husilərin İsraillə bağlı hədələrinin yalnız sözdə olmadığı 2023-cü il noyabrın 19-da baş verən insident zamanı özünü göstərdi. Yaponiya bayrağı altında üzən “Galaxy Leader” gəmisi 25 nəfər heyət üzvü ilə birlikdə Qırmızı dənizin cənubunda husilər tərəfindən ələ keçirildi. Sonradan gəminin israilli iş adamı Rami Unqara məxsus olduğu üzə çıxdı. Bu, husilərin Qırmızı dəniz dəhlizindən istifadə edən gəmilərin əsl sahiblərinin kimliyi ilə bağlı dəqiq kəşfiyyat məlumatlarına malik olduğunu göstərirdi. Həmin kəşfiyyat məlumatlarının İran tərəfindən husilərə ötürüldüyü sirr deyil.

Amma İsraillə yanaşı, digər ölkələrin bayrağı altında üzən ticarət gəmiləri də husilərin dron və raket hücumuna məruz qalır, zədə alırdı.

Bu səbəbdən dünyanın 5 ən böyük dəniz yükdaşıma şirkətlərindən 4-ü Süveyş kanalı ilə konteyner daşıyan gəmilər və tankerlərinə hərəkət marşrutunu dəyişdirməyi tapşırdı. Nəticədə, gəmilər Afrikanın cənubundakı Xoş ümid burnundan keçən daha uzun marşrut xəttini seçməli oldu, Süveyş kanalından yük daşımaları 30% azaldı.

Qida və təminat zəncirinin pozulması, dəniz yolu ilə yükdaşımaların bahalaşması artıq 3 aydır ki, davam edir və planetin ayrı-ayrı yerlərində problemlərə yol açıb. Ticarət gəmilərinin hücumlardan qorunması məqsədilə ötən il dekabrın 18-də ABŞ-ın öndərliyi altında 20-dən çox müttəfiqin qoşulduğu "Operation Prosperity Guardian” (Rifahın Keşikçisi) əməliyyatına başlansa da, hələ də ciddi uğur əldə edilməyib.

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniyanın Yəməndə husi mövqelərinə endirdiyi raket zərbələri isə Yaxın Şərqdə yeni münaqişənin yarandığını göstərdi. ABŞ və müttəfiqlərinin davamlı raket zərbələri hələ də Qırmızı dənizdə dəniz daşımalarını bərpa etməyib, husilərin ticarət gəmilərinə hücumunu dayandırmayıb. Əksinə, qruplaşma İsraillə yanaşı, ABŞ və Britaniya gəmilərinə də hücum edəcəyini elan edib.

Husilərin addımı iqtisadi çətinliklər yaratmaqla yanaşı, dünyada siyasi sunami də qopara bilər. Hər il Süveyş kanalından tranzit haqqına görə 9 mlrd. dollar gəlir qazanan Misir yükdaşımaların 50%-dən çox azalması sonunda kanaldan gəmilərin keçid haqqını 30% artırmağa məcbur olub. Qırmızı dənizdən keçən ticarət marşrutunun uzun müddət qapalı qalması, ölkədə ciddi sosial etirazların başlamasına yol aça bilər. İsrail isə Qırmızı dənizdəki yeganə Eylat limanını bağlamalı olub. İsraildə, Avropa ölkələrində bahalaşma, inflyasiya faizinin bir neçə faiz artması proqnozlaşdırılır.

Maraqlıdır ki, “Ənsar Allah” qruplaşmasının rəsmisi Məhəmməd əl-Bahiti Rusiya və Çin gəmiləri üçün Qırmızı dənizdən keçid zamanı heç bir təhlükənin olmadığını bildirib.

Bu, husilərin addımlarının yalnız İsrailə qarşı ideoloji mübarizədən ibarət olmadığını, İranla koordinasiya edilən bu addımın soyuq, praqmatik yanaşma əsasında aparıldığını göstərir. Xarici hərbi konsepsiyasında İsrail və ABŞ-la birbaşa hərbi toqquşmadan yayınan İran isə regional proksi qüvvələri, o cümlədən husilərin əli ilə onları daim təzyiq altında saxlamağa çalışır. İraqdakı “Həşd-aş-Şaabi” silahlı birliyi, Livandakı “Hizbullah” qruplaşması, Suriya hökumət qoşunları ilə yanaşı, Yəməndəki husilər də İranın regional müqavimət konsepsiyasının önəmli elementidir. Bu isə rəsmi Tehrana İslam ölkələri arasında Qərblə savaşın öndəri olduğunu sözdə deyil, əməldə də etdiyini deməyə əsas verir, əlavə simpatiya qazandırır.

Digər tərəfdən, husilər İranla sıx siyasi və iqtisadi birlik şəraitində olan ölkələrin gəmilərinə hücum etməməklə, həmin ölkələrə Süveyş kanalından istifadə etməyə, Qərb ölkələri qarşısında logistik üstünlük qazanmasına şərait yaradır.

ABŞ və müttəfiqlərinin isə Qırmızı dənizi beynəlxalq yük daşımaları üçün aça bilməməsi onun reputasiyasına ciddi zərbə olacaq. Yolun açılması üçün tələb olunan quru əməliyyatı isə hazırkı geosiyasi gərginlik şəraitində qeyri-mümkün görünür.

Beləliklə, Qərbin Qırmızı dənizdəki böhranı həll etməyi bacarmaması çoxqütblü dünyanın daha çox fraqmentallaşmasına, Yaxın Şərqdəki hərbi-siyasi gərginliyin genişlənməsinə, İranın öz hərbi-siyasi ambisiyalarını daha inamla artırmasına və dünyanın iqtisadi rifahına birbaşa təsir göstərməsinə yol açır.

Birxeber.Az Analytics

Geri qayıt