Birxeber.az / Şəhid anasını oğlunun sağ olmasına inandırıb 4 min manatını alan şəxslərə hökm oxunub

Şəhid anasını oğlunun sağ olmasına inandırıb 4 min manatını alan şəxslərə hökm oxunub

8-02-2024, 11:50

Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olnmalarını istəyib.

Daha sonra prosesdə hökm elan olunub. Hökmdə bildirilib ki, məhkəmə istintaqı zamanı şəhid anasına dəymiş ziyanın tam ödənilməsi təmin edilib, şəhid anası təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirib.

Hökmə əsasən, təqsirləndirilən Nuranə Orucova barəsində polis nəzarətində olma qətimkan tədbiri ləğv olunub, cinayət işinə xitam verilib. Məhkəmə ona 2000 manat məbləğində cərimə tətbiq edib, cərimənin 6 ay ərzində ödənməli olması haqda qərar çıxarılıb.

Sabrina Süleymanova barəsində olan cinayət işinə də xitam verilib.

Qeyd edək ki, ötən prosesdə təqsirləndirilənlərin zərərçəkmişlərə vurulan zərəri tam ödədikləri açıqlanıb və bu barədə qəbz məhkəməyə təqdim edilib. Dəymiş ziyan tam ödənildiyi üçün zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını açıqlayıblar və məhkəməyə barışıq ərizəsi təqdim edilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vədlər verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər.
N.Orucova və Sabrina Süleymanova şəhid anası Zabilə Musayevaya qarşı da dələduzluqda ittiham olunurlar. N.Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb.

Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər.

Əliheydər Hüseynli Vətən Müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. Şəhid “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Geri qayıt