Birxeber.az / Füzulidə 77 saylı seçki məntəqəsində 760-dan çox sakin səs verib

Füzulidə 77 saylı seçki məntəqəsində 760-dan çox sakin səs verib

7-02-2024, 16:40

İşğaldan azad edilən Füzuli rayonu ərazisində səsvermə prosesi davam edir.

"Report"un Qarabağ bürosunun Füzuli şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, şəhərdə yaradılan 84 saylı Füzuli seçki dairəsinin 77 saylı məntəqəsində seçici aktivliyi müşahidə olunur.

Məntəqənin sədri Şahin Rəhmanov bildirib ki, məntəqə üzrə 1 292 seçici var. İndiyədək 760-dan çox sakin səsvermədə iştirak edib: "Qeydiyyatda olan seçicilərimizdən 2-si 90, 1-i isə 18 yaşlıdır. Hazırkı dəqiqələrə qədər seçici aktivliyi müşahidə olunur. Seçkiləri 25 beynəlxalq, 25 də yerli müşahidəçi izləyir. Onu da qeyd edim ki, səsvermə ərəfəsində daşınan qutudan da istifadə ediləcək. İndiyə kimi 15 nəfər müraciət edib, səhhəti ilə bağlı məntəqəyə gələ bilmədikləri üçün onların da öz səsvermə hüquqlarından istifadə etmələrinə şərait yaradılacaq. Bu saata qədər heç bir qayda pozuntusu qeydə alınmayıb".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Geri qayıt