Birxeber.az / AFFA Hakimlər Komitəsinin sədri Türkiyə toplanışını dəyərləndirib

AFFA Hakimlər Komitəsinin sədri Türkiyə toplanışını dəyərləndirib

20-01-2024, 01:40

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Türkiyədə keçirilmiş təlim-məşq toplanışını dəyərləndirib.

"Report"un assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, o, 6 illik fasilədən sonra hakimlərin ölkə xaricində toplanış keçməsindən məmnunluğunu ifadə edib.

"Çox faydalı təlim-məşq toplanışı oldu. Toplanışın əsas məqsədi qış fasiləsindən sonra keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaqdır. Nəzəri məşğələləri keçən təlimçilər peşələrində ən yaxşı olanlar idi. Həm nəzəri məşqlər, həm fiziki hazırlıq, həm də hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından çox faydalı oldu. Çətin olacağını düşündüyümüz üçüncü, dördüncü dövrənin oyunlarından əvvəl bizə hərtərəfli xeyiri dəyəcək hazırlıq keçdik. Toplanışın yüksək səviyyədə təşkilinə görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm", - Şimşək bildirib.

O, hakimlərin bu dəfə Antalyada yoxlama oyunları idarə etməməsinin səbəbini açıqlayıb: "Təşkilati səbəblərdən hakimlərin oyun idarə etməsi mümkün olmadı. Təbii ki, alınsaydı, bunun faydalı tərəfləri də ola bilərdi. Amma təlim-məşq toplanışında əsas məqsədimiz hakimlərimizin matç idarə etməsi deyildi. Bu mənim şəxsi düşüncəmdir, razılaşmayanlar da ola bilər. Digər fikirlərə də hörmətlə yanaşıram. Adından da anlaşıldığı kimi, əsas məqsəd təlim və məşq keçmək idi. Bizim əsas məqsədimiz hakimlərimizi texniki və fiziki olaraq çempionatın üçüncü və dördüncü dövrələrinə hazırlamaqdır. Hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından toplanışın çox faydaları oldu.

Yoxlama oyunları idarə etməyə gəlincə, sizə bir misal çəkim. Toplanışa Avropadan nüfuzlu mütəxəssis dəvət edirsiniz, onun təlim keçidiyi müddətdə 8 hakimi prosesdən ayırıb oyunlara təyin edirsiniz. Bu doğru deyil. Amma bir az öncə vurğuladığım kimi subyektiv yanaşmadır, fərqli fikirdə olanlar da ola bilər".

B.Şimşək toplanışa məşhur italiyalı Matteo Trefolonini dəvət etdiklərini söyləyib: "Trefolonidən başqa, bizim köməkçi hakim təlimçimiz Tarık Ongun və mənəvi-psixoloji dəstək mövzusunda professor doktor Turqay Biçər toplanış ərzində bizimlə birlikdə oldular, öz sahələri üzrə təlim keçdilər. Müxtəlif mövzular üzərindən həm UEFA-nın bizə göndərdiyi, həm də Azərbaycan Premyer Liqasından hazırladığımız epizodları izlədik, incələdik. Mənəvi-psixoloji dəstəkdən başqa, təxminən 25-ə yaxın texniki seans gerçəkləşdirdik. Bunun yarısını Matteo Trefoloni, qalanını isə Tarık Ongunla mən birlikdə həyata keçirdik. Bundan əlavə, Turqay Biçərin rəhbərliyi altında rabitə, komanda ruhu yaratmaq, liderlik, çətinliklərlə mübarizə aparmaq və sair mövzularda seminarlar təşkil etdik. VAR-la bağlı da seminarlar oldu. Seminarı mən keçirdim. Epizodları izləyərək interaktiv, qarşılıqlı müzakirə şəklində bir neçə seansımız oldu".

AFFA rəsmisi UEFA ilə sıx əlaqədə olduqlarını deyib: "Onların təlimatları çərçivəsində işimizi qururuq. Bizə təqdim olunan təlimatları ən yüksək səviyyədə hakimlərimizə aşılamağa çalışırıq. UEFA-nın bizə göndərdiyi yeni materiallar əsasında təlim-məşq toplanışı keçirdik. Hər hansı çatışmazlığın olduğunu düşünmürəm. Hakimlərimiz seminar ərzində keçdiklərimiz təlimləri mənimsədilər. Nəzəriyyəni yaxşı bilməklə, onu meydanda tətbiq etmək hər zaman uğurlu alınmır. Təbii ki, bunu hər hakimə şamil etmək olmaz. Nəzəriyyəni tam şəkildə tətbiq etsək, hakim səhvləri olmaz. Əsas çatışmazlıq kimi bunu qeyd edə bilərəm. Məncə, hakimlərimi mövsümün ikinci yarısına mümkün olan ən yüksək səviyyədə hazırdırlar. Toplanış ərzində həm biz bütün bilik və bacarığımızı onlara aşılamağa çalışdıq, həm də onlar ən yaxşı şəkildə mənimsəməyə səy göstərdilər. Belə qısa müddətdə yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm. Qış fasiləsinə qədər hakimlərin yaxşı performans nümayiş etdirdikləri fikrindəyəm. Çempionatın qalan oyunlarında daha yaxşı olmağa, ən pis halda əvvəlki kimi performansı qoruyacağımıza inanıram".

Geri qayıt