Birxeber.az / “Əsrin fəlakəti”ndən bir il ötür

“Əsrin fəlakəti”ndən bir il ötür

6-02-2024, 08:40

Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən bir il ötür.

“Birxeber.Az” xatırladır ki, 2023-cü ilin fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb.

Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Türkiyədə ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

Yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.

Ölkədə beynəlxalq yardım da daxil olmaqla, 4-cü səviyyə həyəcan siqnalı verilib. Bunun ardından 90 ölkədən axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə köməyə gəldi. Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib.

Komandalar fevralın 6-da Türkiyəyə gələrək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas edib.

Zəlzələ bölgəsində 2 302 000 binada və 6 227 000 müstəqil evdə dəymiş ziyanın qiymətləndirilməsi aparılıb və indiyədək dağıntıların təmizlənməsi prosesinin 91 faizi tamamlanıb. Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min binanın tikintisinə başlanılıb. Hazırda bölgədə inşa edilən ilk evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir.

Geri qayıt