Birxeber.az / Müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lər COP29-la bağlı Qlobal Məsləhətləşmə görüşü keçirib

Müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lər COP29-la bağlı Qlobal Məsləhətləşmə görüşü keçirib

5-02-2024, 18:40

“Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vətəndaş cəmiyyəti təşkilatları COP29-da necə iştirak edə bilər” adlı qlobal məsləhətləşmə görüşü təşkil olunub.

"Birxeber.Az" xəbər verir ki, görüş onlayn formatda baş tutub. Görüşdə dünyanın müxtəlif ölkələrindən - ABŞ, Kanada, Böyük Britaniya, Moldova, Rusiya, Albaniya, Pakistan, Hindistan, Banqladeş, Nigeriya, Keniya, Zimbabve, Botsvana, İndoneziya, Çad və s. kimi ölkələrdən, o cümlədən, Azərbaycandan, ümumilikdə 80-ə yaxın ekoloji və səhiyyə yönümlü QHT nümayəndəsi, iqlim mütəxəssisləri, universitetlər, beyin mərkəzləri qatılaraq növbəti dəfə Azərbaycanda keçiriləcək BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-la bağlı gözləntiləri barədə öz fikirlərini bölüşüblər.

Görüş zamanı “Sağlamlığa Xidmət” İctimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva QHT-lərin “COP” tədbirlərində iştirakı üçün zəruri olan qeydiyyat məsələlərinə aydınlıq gətirərək, təşkilatların tədbir çərçivəsində aparılan iqlim dəyişikliyi üzrə danışıqlara verə biləcəyi töhfədən və iştirak üçün vacib olan müşahidəçi statusu almaq prosedurlarından danışıb.

Görüşdə, həmçinin Böyük Britaniyada fəaliyyət göstərən su, enerji və icmalar sahəsində dünyanın ən böyük problemlərini həll etmək üçün həll yolları təklif edən qlobal, multidissiplinar peşəkar xidmətlər şəbəkəsi GHD-in baş mütəxəssisi Xanım Kripa Dwarakanath iştirak edərək COP28 və gələcək perspektivlər barədə təqdimatla çıxış edib, ölkələrin dayanıqlılıq üzrə maliyyə yatırımlarının artırılmasının milli müəyyən olunmuş töhfələrin (MMT) yerinə yetirilməsində böyük rol oynadığını bildirib.

Səhiyyə və ətraf mühit məsələləri üzrə ixtisaslaşmış Qlobal beyin mərkəzi AHOA- Afrihealth Optonet Assosasiyanın rəhbəri Dr.Uzodinma Adirieje görüşdə çıxış edərək bildirib ki, COP29-a gedən yolda QHT-lərin bir platforma altında birləşərək ümumi prosesə dəstək verməsi məqsədəuyğun olardı. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən (loss and damage suffered countries) ölkələrin nümayəndələrinin tədbirdə və danışıqlarda iştirakı üçün imkanlar yaradılmalıdır.

Geri qayıt