Birxeber.az / The Economist: “Çin Tayvandakı seçkilərə necə yanaşır?”

The Economist: “Çin Tayvandakı seçkilərə necə yanaşır?”

22-01-2024, 08:40

Sıravi çinlilər müharibəyə can atmasalar da, güc tətbiqetmə təhdidlərini dəstəkləyirlər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “The Economist” jurnalında köşə yazarı Çaquan yazıb.

Çin rəhbərliyinin bildirdiyi kimi, Kommunist Partiyası bütün ölkəni təhlükəsiz və güclü etmək üçün Tayvana nəzarət etməlidir.

“Birləşmə gücə, ayrılma xaosa aparır”, – Çinin Dövlət Şurası, Nazirlər Kabineti deyir. “Bu, tarixin qanunudur”.

Məqalə müəllifinin fikrincə, partiyanın Tayvan hərisliyi siyasi seçimdir.

“1991-ci ildən sonra Çin onun Sovet İttifaqı və Rusiya ilə sərhədlərini müəyyən edən bir sıra müqavilələr imzalayıb ki, bununla da faktiki olaraq Rusiyanın hələ 19-cu əsrdə ələ keçirdiyi bir milyon kvadratmetrdən çox ərazini güzəştə gedib”, – o xatırladıb.

Çaquanın sözlərinə görə, Tayvanı fərqləndirən onun Kommunist Partiyasına birbaşa təhqir olmasıdır:

“Bu, adanın Çin vətəndaş müharibəsində Mao Tszedun və Çin Xalq Azadlıq Ordusu (ÇXAO) tərəfindən yenilmiş millətçi rejimin mühacirətdəki yurduna çevrildiyi 1949-cu ilə təsadüf edir. Əgər Si Cinpin Tayvanı ələ keçirə bilsəydi, o, Maonun başa çatdıra bilməyəcəyi savaşın yekun qalibi olardı. Bunun əksinə olaraq, adanın Çinin nəzarətindən çıxmasına imkan vermək partiyanın legitimliyinə xələl gətirəcək, ən azından çinli araşdırmaçılar belə iddia edirlər”.

“Beləliklə, darçərçivəli siyasi maraqlar Amerikanı adanı ələ keçirməyə çəkindirməyi diqqət mərkəzinə alaraq ÇXAO-nun yaratmaq üçün onlarla il qoyulan sərmayələrlə öz izahını tapır. Bu həm də Tayvanın müstəqilliyini rəsmən elan edəcəyi təqdirdə, güc tətbiqetmə təhdidlərini də izah edir. Bu, siyasi hesablamalardır. Onlar dünyanı olduğundan daha təhlükəli edir”, – müəllif yazıb.

O bildirib ki, bununla belə, Çin liderlərinin Tayvan boğazında sülhü qoruyacaq bir başqa öz xeyrini güdən seçimi də var.

“Bu seçim Çin ictimaiyyətinə – əksini təsdiqləyən çoxlu sübutlara baxmayaraq – tayvanlıların əksəriyyətinin Çinin bir hissəsi olmaq arzusunda olduqlarını, lakin onlara Amerika, Yaponiya və digər yad ünsürlərin qızışdırdığı separatçıların mane olduğunu söyləməkdən ibarətdir. Bu, qambitdir. Bir çox sıravi çinli Tayvanın bir gün “dinc yolla birləşməyi” qəbul edə biləcəyinə inandığı müddətcə cənab Sinin manevr üçün daha çox imkanı var”, – köşə yazarı vurğulayıb.

O nəql edib ki, bu taktikanı yanvarın 13-də Tayvandakı prezident seçkilərində Kommunist Partiyasının ən az simpatiya duyduğu Lay Tszin-denin qalib gəldiyindən bəri sezmək mümkündür:

“Cənab Layın qələbəsi Tayvanın ayrı, demokratik kimliyini vurğulayan Demokratik Tərəqqi Partiyasının (DTP) ardıcıl üçüncü prezidentlik müddətidir. Bununla belə, həmin qələbədən sonra materikdəki (Çin – red.) təbliğat orqanları onun əhəmiyyətini azaldıb və eyni gündə keçirilmiş parlament seçkilərində DTP-nin zəif göstəricilərinin önəmini şişirdiblər. Çinin Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binhua Çin ictimaiyyətini əmin edib ki, seçkilər DTP-nin Tayvanda “əsas ictimai rəyi təmsil etmədiyini” göstərir. Partiya mediası qəzəbi artırmaq əvəzinə, cənab Sinin adada “vətənpərvər”, birləşmə tərəfdarı qüvvələri cəlb etməyin zəruriliyi ilə bağlı sakitləşdirici keçmiş şərhlərini tapıb çıxarıblar”.

“İllərdir tayvanlıların çoxunun onların qan qardaşları olduğu deyiləndən sonra Çin ictimaiyyətinin nə qədər qəzəbli olduğu aydın deyil. Cənubi Çin Texnologiya Universiteti və Sinqapur Milli Universitetinin tədqiqatçıları 2019-cu ildə doqquz şəhərdə çinlilər arasında sorğu keçirəndə, demək olar ki, 40 % Tayvanı istənilən şəraitdə güc yolu ilə materiklə birləşdirməyi istisna etməyə hazır olduqlarını aşkarlayıblar”, – Çaquan irəli sürüb.

Köşə yazarı qeyd edib ki, 2022-ci ildə “Çağdaş Çin” jurnalında dərc olunmuş məqalədə sorğu təşkilatçıları bir variant olaraq zor tətbiqinin gündəlikdə saxlanılmasının tərəfdarlarının yaxşı təhsilli və Tayvan haqqında bilgili olanlar arasında çox olduğuna təəccübləniblər.

“Aparıcı araşdırmaçı Si Duntao yaxşı məlumatlı çinlilərin öz-özlüyündə savaş yanlısı olmaya biləcəyini, sadəcə Tayvanın sülh yolu ilə Pekinə tabe olmamasını adi xalqdan daha yaxşı anladığını irəli sürüb”, – yazar qeyd edib.

Seçkisonrası əhvali-ruhiyyəni qiymətləndirmək üçün Çaquan cənuba, Siamenə uçub. Məqalə verilmiş məlumata görə, Çinin bu liman şəhəri Tayvanla sıx iqtisadi və mədəni əlaqələrə malikdir və müharibədə cəbhə xəttində ola bilər. Belə ki, xatırlatma kimi xidmət edən Hulişan qalasıdır, onun topları cəmi 27 km uzaqlıqdakı Tayvanın Szinmen adasına nişanlanıb. Mao dövründə ÇXAO Szinmeni atəşə tuturdu. Qala hərbi radiobaza kimi fəaliyyət göstərib. İndi bu, siyasətlə bağlı suallar verildikdə qaçmağa meyilli olan turistləri qonaq edən bir muzeydir.

Məqalədə qeyd olunub ki, “bununla belə, sualdan qaçmayanlar isə heyrətamiz dərəcədə müxtəlif fikirlər irəli sürüblər”.

Köşə yazarı ilə həmsöhbət olan orta yaşlı çinli qadın tayvanlıların əksəriyyətinin birləşməni dəstəklədiyinə inandığını bildirib. Çaquanın sözlərinə görə, qadın seçki nəticələrindən bixəbər olsa da, internetdə tayvanlıların Çindəki buz festivalına böyük maraq göstərdiyinə dair məlumat oxuduğunu söyləyib.

“Biz bu cür təmaslara yol açmalıyıq”, – qadın böyük şövqlə bildirib.

Eyni zamanda, o, Tayvan xalqına qarşı “sərtlik”lə “yumşaqlığı” tarazlaşdırmaq üçün güc təhdidinin bir variant olaraq dəstəklədiyini açıqlayıb.

Sözügedən qalanın yaxınlığında çinli fotoqrafla həmsöhbət olan Çaquan onun atasının Çinin Hərbi Dəniz Donanmasında xidmət etdiyini və 1960-cı illərdə Tayvan boğazında həlak olduğunu öyrənir. O deyib ki, bu itki onu sülhə meyillənməyə vadar edir. Həmin fotoqrafın fikrincə, Çin Tayvanla birləşmək istəyirsə, iqtisadi, siyasi və mədəni cəhətdən cəlbedici olmalıdır. Bununla belə, o hesab edir ki, səbirlə yanaşı güc tətbiqetməni də istisna etmək olmaz.

“Əgər biz güc təhdidindən tamamilə əl çəkəcəyimizə söz versək və bunu bütün dünya qarşısında bildirsək, o zaman ada öz müstəqilliyini elan edəcək, elə deyilmi?”, – fotoqraf sual edib.

Şanxaydan olan tələbə isə Layın qələbəsini qarşıdakı problemlərin əlaməti olaraq görsə də, seçkiləri Tayvan xalqının iradəsi hesab edib.

“Yaşıdlarım arasında müharibə tərəfdarı olanlar azdır. Amma yaşlılar arasında bir gün Tayvanı güc yolu ilə alacağımıza ümid edənlər qalmaqdadır”, – tələbə köşə yazarına deyib.

Çaquanın fikrincə, tələbə yanılmayıb. Məqalə müəllifi ərazidə 85 yaşlı keçmiş kənd məmuru ilə qarşılaşıb.

“Hər yer öz başçısı tərəfindən idarə olunmalıdır və Tayvan çox uzun müddətdir ki, bizdən ayrıdır. Biz Tayvanla güc yolu ilə birləşməliyik”, – qoca kişi köşə yazarına söyləyib. Yaşlı yekunda deyib ki, ÇXAO güclü olmasaydı, Britaniya Honkonqu qaytarmayacaqdı. Əsəbi surətlə bunu deyərək yoluna davam edib.

Geri qayıt