Birxeber.az / Rövlan Muradov: "Sumqayıt"ın medalçılar sırasında olması üçün sonadək mübarizə aparacağıq"

Rövlan Muradov: "Sumqayıt"ın medalçılar sırasında olması üçün sonadək mübarizə aparacağıq"

5-02-2024, 13:40

"Medalçılar sırasında yer ala bilmək üçün sonadək mübarizə aparacağıq".

Bunu "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Rövlan Muradov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI turunun matçından sonra deyib.

25 yaşlı yarımmüdafiəçi azarkeşlərin həmin qarşılaşmada onlara möhtəşəm dəstək göstərdiklərini bildirib: "Layiqli qələbə qazandığımızı düşünürəm. Hansı meydana çıxdığımızı bilirdik. Qalibiyyət bizim üçün vacib idi. Bunu da dərk edirdik. Şükürlər olsun ki, sonadək mübarizəni davam etdirdik və istəyimizə nail olduq".

Muradov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun və arenanın ot örtüyünün möhtəşəm olduğunu vurğulayıb.

Oyunçu son olaraq Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Neftçi"ni məğlub etmək istədiklərini söyləyib: "Bu matça da ciddi hazırlaşacağıq və qələbə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Neftçi" və "Sumqayıt" arasında ölkə kubokunun cavab görüşü fevralın 9-da baş tutacaq. Sumqayıtda reallaşan ilk matçda paytaxt klubu qələbə qazanıb - 3:2.

Geri qayıt