Birxeber.az / Nyu-Yorkda "Leylanın skripkası” filminin təqdimatı keçirilib

Nyu-Yorkda "Leylanın skripkası” filminin təqdimatı keçirilib

5-02-2024, 11:40

ABŞ-nin Nyu-York şəhərində "Museum of Jewish Heritage"də ("Yəhudi İrsi Muzeyi"də ) "Leila's violin" ("Leylanın skripkası") qısametrajlı bədii filminin təqdimat mərasimi keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Yəhudi İcmasının təşkilatçılığı ilə keçirilən gecədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən Azərbaycan icmasının aktivləri və təşkilat rəhbərləri, yəhudi icmalarının nümayəndələri, yerli və xarici KİV təmsilçiləri, sənətsevərlər iştirak ediblər.

Gecədə çıxış edən filmin rejissoru, musiqiçisi və yazıçısı Ella Leya bildirib ki, ekran əsərində yaşanmış bir həyat hekayəsini bədiiləşdirməyə çalışıb. Müəllif doğulduğu Vətən torpağına, Azərbaycana dərin bağlarından söz açıb. Belə ki, 20 yaşında öncə Bakıdan Moskvaya, oradan isə 1990-cı ildə ailəsi ilə bərabər Kaliforniyaya köç edən Ella Leylanı aradan keçən zaman və məsafələr Azərbaycandan ayırmayıb: "Leylanın skripkası" Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün doğulduğu yerə - Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir. Biz həm də filmdə Azərbaycanda tarix boyu bütün dinlərin və etnik qrupların birgə sülh və əmin-amanlıq şəraitində mövcud olması üçün ən gözəl şəraitin yaradıldığını nəzərə çatdırmağa çalışdıq".

Müəllif qeyd edib ki, filmdə baş rolları tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən "Natavan Group"un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva və Hollivudun gənc aktrisası Sofiya Rossinski canlandırıblar".

Musiqiçi Sabina Rakçeyevanın skripkada və Nyu-Yorkda yaşayan Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarovanın fortepianoda həzin ifası və Nyu-Yorkda fəaliyyət göstərən "Mənim yolum" (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin milli rəqsləri gecəyə xüsusi ovqat qatıb.

Daha sonra qonaqlar "Leylanın skripkası" bədii filmini izləyiblər. Filmdə Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, musiqisi, zəngin mədəniyyəti, adət-ənənələri öz əksini tapıb. Göz oxşayan görüntülərin musiqi ilə vəhdətindən ərsəyə gələn sənət əsəri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, ekran əsərini şair Nigar Həsənzadə səsləndirib, filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir. Müəllif bildirib ki, "Leylanın skripkası" qısametrajlı bədii filmi Monako Film Festivalında "Mələk" ("Angel") mükafatının qalibi olub.

Geri qayıt