Birxeber.az / La Liqa: “Jirona” “Sevilya”nı darmadağın edib, “Real”ın liderliyi çox çəkməyib

La Liqa: “Jirona” “Sevilya”nı darmadağın edib, “Real”ın liderliyi çox çəkməyib

22-01-2024, 02:40

İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Jirona” “Sevilya”nı qəbul edib.

“Report” xəbər verir ki, matç “Munisipal de Montilivi” stadionunda baş tutub.

Pablo Qonsales Fuertesin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi matç çempionatın favoriti “Jirona”nın qələbəsi ilə başa çatıb.

Oyunun 10-cu dəqiqəsində hesabı qonaqlar açıb: İsaak Romero topu qapıya göndərib. “Jirona”nın ukraynalı hücumçusu Artem Dovbık cəmi altı dəqiqəyə – 13-cü, 15-ci və 19-cu dəqiqələrdə fərqlənərək hettrikə imza atıb və “Jirona”nın böyükhesablı qələbəsinin əsasını qoyub. 56-cı dəqiqədə digər ukraynalı Viktor Tsıhankov hesabı darmadağın həddinə çatdırıb. Oyunun 89-cu dəqiqəsində Kristian Stuani ev sahiblərinin beşinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 5:1.

Beləliklə, bu qələbə ilə “Jirona” 52 xalla turnir cədvəlində zirvəyə qayıdıb. Onun ən yaxın təqibçisi 51 xalla “Real Madrid”dir. “Kral klubu”nun ehtiyatında bir oyun daha var. Uğursuz mövsüm keçirən “Sevilya”nın isə 21 oyundan sonra 16 xalı var.

Xatırladaq ki, daha öncə "Real Madrid" çempionatın autsayderi "Almeriya"nı yenmişdi.

Geri qayıt