Birxeber.az / Ötən il Naxçıvandan İrana verilən elektrik enerjisinin həcmi açıqlanıb

Ötən il Naxçıvandan İrana verilən elektrik enerjisinin həcmi açıqlanıb

3-02-2024, 16:40

Ötən il Naxçıvan Muxtar Respublikasından İrana 33 milyon 341 min kVt/s elektrik enerjisi verilib.

Birxeber.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Energetika Xidmətində ötən il görülmüş işlərin müzakirə ilə bağlı keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib ki, ötən il xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb.

O bildirib ki, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos yarımstansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması həyata keçirilib: “Həmçinin, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin davam etdirilib”.

N. Paşayev bildirib ki, 2023-cü il ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 507 milyon 283 min 561 kVt/s elektrik enerjisi daxil olub: “Bunun 32 milyon 714 min kVt/s İrandan alınıb, 46 milyon 411 min 416 kVt/s Araz Su Elektrik Stansiyasında, 26 milyon 560 min 700 kVt/s Biləv Su Elektrik Stansiyasında, 19 milyon 120 min 300 kVt/s “Arpaçay-1” Su Elektrik Stansiyasında, 327 min 400 kVt/s “Arpaçay-2” Su Elektrik Stansiyasında, 1 milyon 970 min 900 kVt/s Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında, 318 milyon 254 min kVt/s Naxçıvan Modul Elektrik Stansiyasında, 1 milyon 408 min 137 kVt/s Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 60 milyon 516 min 708 kVt/s Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Ötən il İrana 33 milyon 341 min kVt/s elektrik enerjisi verilib”.

Vurğulanıb ki, ötən il elektrik stansiyalarında 474 milyon 569 min 561 kVt/s elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb: “Bu enerjinin 94 milyon 390 min 716 kVt/s və ya 19,89 %-i Su Elektrik stansiyalarında, 319 milyon 662 min 137 kVt/s və ya 67,36 %-i İstilik Elektrik stansiyalarında, 60 milyon 516 min 708 kVt/s və ya 12,75 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq sistemə ötürülüb. Eyni zamanda 2023-cü ildə alternativ və bərpaolunan enerji mənbələrində 154 milyon 907 min 424 kVt/s elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 32,64 %-ini təşkil edir”.

Xidmət rəisi diqqətə çatdırıb ki, ötən il Şərur rayonunda gücü 8 MVt olan Günəş Elektrik Stansiyasının ərazisində yeni 3 MVt gücündə Günəş Elektrik Stansiyası istismara verilib, stansiyanın gücü 11 MVt-a, muxtar respublikadakı elektrik stansiyalarının ümumi generasiya gücü 244,8 MVt-a, Günəş Elektrik stansiyalarının ümumi gücü 39 meqavata, illik istehsal gücü 58,5 milyon kVt/s-a çatdırılıb: “Araz çayı üzərində muxtar respublikanın ən böyük su elektrik stansiyası olacaq derivasiya tipli 36 MVt gücündə “Ordubad” və Ordubad rayonu ərazisində Gilançayın Tivi qolu üzərində 15,6 MVt güclü derivasiya tipli “Tivi” Su Elektrik Stansiyalarında isə tikinti-quraşdırma işləri qismən davam etdirilib”.

Xidmət rəisi vurğulayıb ki, 2023-cü il ərzində muxtar respublikada bütün istifadəçilərin istehlak etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını apararaq sayğacların göstəriciləri əsasında enerji haqqının ödənilməsi təmin edilib: “İl ərzində abonentlərə 1247 ədəd yeni elektrik sayğacı quraşdırılıb. Naxçıvan, Babək, Şərur və Culfa şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tipli sayğacların qoyulması işləri davam etdirilib və hazırda bu tip sayğacların sayı 32 163 ədəd təşkil edir”.

Sonra məruzə ətrafında çıxışlar olub, müzakirələr aparılıb.

Geri qayıt