Birxeber.az / Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının seçki hüquqları necə təmin olunur? - Yekaterinburqdan REPORTAJ

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının seçki hüquqları necə təmin olunur? - Yekaterinburqdan REPORTAJ

3-02-2024, 14:50

Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində xarici ölkələrdə olan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində hazırlıq işləri başa çatmaq üzrədir. Belə ki, şimal qonşumuz Rusiyada Azərbaycan vətəndaşlarının seçkilərdə səsvermə hüququndan istifadə edə bilmələri üçün üç şəhərdə - Moskva, Sankt-Peterburq və Yekaterinburqda seçki məntəqələri yaradılıb.

Birxeber.Az-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərov Yekaterinburq şəhərində yaradılan seçki məntəqəsində olub, Rusiyanın Ural, Sibir və Uzaq Şərq federal dairələrində müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarının seçkilərə hazırlıq prosesi ilə tanış olub.

Yekaterinburqdakı Baş konsulluğumuzda bir seçki məntəqəsi, Tümendə səyyar məntəqə

7 fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakını təmin etmək məqsədi ilə ölkəmizin Yekaterinburq şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb. Rusiya Federasiyasının Ural, Sibir və Uzaq Şərq Federal dairələrində yaşayan Azərbaycan vətəndaşları Yekaterinburqdakı Baş konsulluğumuzda yaradılan seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edə biləcəklər. Bununla yanaşı Baş konsulluğumuz tərəfindən Azərbaycan vətəndaşlarının yaşadığı Tümen şəhərində də səyyar seçki məntəqəsi təşkil olunub.

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunda 19 saylı Nərimanov rayonu seçki dairəsi üzrə 45 saylı məntəqə seçki komissiyası yaradılıb. Bu regionda daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini məntəqə seçki kommisiyasına təqdim etməklə səsvermədə iştirak edə bilərlər.

"Sibirdə, Uzaq Şərqdə yaşayan Azərbaycan vətəndaşları məsafənin uzaqlığına baxmayaraq seçki günü səsvermədə iştirak etmək istəyirlər"

Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən, Seçki Məntəqəsinin sədri Şöhrət Mustafayev bildirilib ki, keçən 1 ay dövr ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş qrafik əsasında artıq baş konsulluqdakı məntəqə seçki kommisiyasında yaradılmış texniki məsələlər öz həllini tapıb, vətəndaşların siyahıya alınması başa çatıb və mərkəzə göndərilib.

"Eyni zamanda, həmin dövr ərzində, biz sadəcə texniki məsələlərin həlli, vətəndaşların siyahıya alınmasıyla deyil, fərdi və kollektiv şəkildə vətəndaşlarla işin təşkilinə daha çox əhəmiyyət vermişik. Bildiyiniz kimi, həm Sverdlovsk vilayətində, həm də baş konsulluğun əhatə dairəsinə daxil olan digər vilayətlərdə mövcud olan böyük Azərbaycan diaspor təşkilatları ilə birlikdə bu seçki prosesinin təşkil olunması istiqamətində aktiv şəkildə işləyirik", deyə diplomat qeyd edib.

Şöhrət Mustafayev seçki prosesində vətəndaşlarımızın aktivliyini xüsusi ilə vurğulayıb:

"Qeyd etmək istəyirəm ki, təkcə Sverdlovsk vilayətində deyil, eyni zamanda, Uzaq Şərq federal dairəsindən çoxlu zəng daxil olur, vətəndaşlar qeydiyyatdan keçirlər. Hətta onu da qeyd etmək istərdim ki, istər Sibirdən, istər Uzaq Şərqdən məsafənin uzaqlığına baxmayaraq vətəndaşlarımız seçki günü öz iştirakları ilə bağlı istəklərini bəyan ediblər. Bilirsiniz ki, Tümen şəhərində çox sayda Azərbaycan vətəndaşı yaşayır və onların çoxu seçki hüququna sahibdirlər. Onların və Tümen şəhərində fəaliyyət göstərən diaspor təşkilatımızın müraciəti əsasında planlaşdırırıq ki, 7 fevral günü orada səyyar seçki prosesini həyata keçirək. Belə olduğu halda daha çox vətəndaşların seçki prosesində iştirakı təmin ediləcəkdir",deyə diplomat yekunlaşdırıb.

Diaspor rəhbəri: "Yekaterinburq şəhəri və Sverdlovsk vilayətində qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 513 nəfərdir"

Ural, Sibir və Uzaq Şərq federal dairələrində yaşayan Azərbaycan vətəndaşlarının Yekaterinburqa gəlməsi və səsvermə prosesində iştirakını təmin etmək üçün diasporumuzun köməkliyi ilə avtobus turlarının təşkili də planlaşdırılır. Bu barədə isə diaspor nümayəndələri ilə görüşdə Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlınski məlumat verib.

O bildirib ki, Ural Federal dairəsinə daxil olan Sverdlovsk, Tümen, Çelyabinsk, Kurqan vilayətləri, Xantı-Mansiysk və Yamal-Nenets muxtar dairələrinin azərbaycanlı icma rəhbərlərinin iştirakı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yekaterinburqda Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbir təşkil olunub.

"Bu gün biz burada Ural Federal dairəsinin bütün diaspor təşkilatları toplaşmışıq ki, fevralın 7-də Yekaterinburqdakı Baş konsulluğumuzda yaradılmış seçki məntəqəsində bu regionda daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı prosesinə dəstək olaq. Təkcə elə Yekaterinburq şəhəri və Sverdlovsk vilayətində qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 513 nəfərdir. Bugünkü tədbirin əsas məqsədi də həmin Azərbaycan vətəndaşlarının fevralın 7-də Baş konsulluğumuza rahat gələ bilmələri və səsvermə hüququndan istifadə edə bilmələrini təmin etməkdir", deyə Şahin Şıxlınski vurğulayıb.

O, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə Yekaterinburqda yaşayan Azərbaycan vətəndaşları ilə görüşün təşkilinə və təşkil olunan konsert proqramına dəstək verdiyinə görə təşəkkürünü də bildirib.

Yekaterinburqda yaşayan azərbaycanlı Balanaz İbrahimova və Gültən Baxşıyeva Ural Federal Universitetinin tələbələridir. Onlar bu il ilk dəfə səs verəcəklər.

"Fevralın 7-də Yekaterinburq şəhərindəki Azərbaycanın Baş konsulluğuna gedəcəyik və orada səsvermə hüququmuzdan istifadə edəcəyik", deyə azərbaycanlı seçicilər vurğulayıb.

Qeyd edək ki, Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiyanın üç şəhərində fəaliyyət göstərəcək seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

Seçki məntəqələrinin ünvanları: Moskva şəhəri, Voznesenski döngəsi15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27; Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5.

Geri qayıt