Birxeber.az / Gəncədə 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub

Gəncədə 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub

2-02-2024, 22:50

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncədə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə ümumşəhər tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Musa Quliyev və Naqif Həmzəyev, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rekoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər.

Əvvəlcə rəsmilər şəhərin aktiv gəncləri ilə birgə Ulu Öndər Heydər Əliyevin şəhərin Baş meydanında olan abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban mərkəzi”ndə “Qalib xalqın qalib gəncləri” mövzusunda sərgiyə baxış keçirilib. Sərgidə Gəncə şəhərində yaşayan istedadlı gənclərin əl işləri, rəsm əsərləri və fotoşəkillər nümayiş olunub.

Sərgidən sonra 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir. Bu gün gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişib. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliği yolunda mühüm addımlar atırlar. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Rəsmi hissədən sonra istedadlı gənclərin təqdimatında konsert proqramı nümayiş olunub.

Sonda ötən il ərzində Gəncə şəhərinin və ətraf rayonların ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclər “Fəxri fərman”, “Diplom” və “Təşəkkürnamə”lərlə təltif ediliblər. Qeyd edək ki, fərqlənən gənclər sırasında Gəncə Şəhər İra Hakimiyyəti başçısı Aparatının əməkdaşları da var.

Geri qayıt