Birxeber.az / Azərbaycan dəmir yollarının 20 illik inkişafı daha böyük hədəflərə aparır - Təhlil

Azərbaycan dəmir yollarının 20 illik inkişafı daha böyük hədəflərə aparır - Təhlil

2-02-2024, 18:50

Ötən 20 il ərzində Azərbaycan dəmir yolları müasir, qabaqcıl və dayanıqlı sənaye kimi ölkəmizin nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dəmir yolu sənayesi böyük inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verib. Məhz onun ölkəmizə rəhbərlik etməyə başladığı 2003-cü ildə bütün sahələri əhatə edən yeni inkişaf dövrü başlayıb və dəmir yollarının inkişafı üçün də unikal imkanlar yaranıb.
Dəmir yolları son iyirmi il ərzində yatırılan böyük investisiyalar və tətbiq olunan məqsədyönlü inkişaf strategiyası sayəsində tam yeni sima qazanıb. Bir çox hədəflərə nail olunub, bəziləri isə hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qarşısında çağırış kimi dayanır. Onlara çatmaq üçün hər bir sahədə ciddi işlər görülməkdədir.

Transformasiya prosesi sürətlə davam edir

Son illər ərzində ADY bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə transformasiyadan keçir. Ənənəvi idarəetmə strukturu və şirkətdaxili əməliyyatlar yenidən təşkil edilir, uzumüddətli inkişaf strategiyası formalaşdırılır, sosial maraq və öhdəliklərə daha böyük diqqət ayrılır. ADY korporativləşmə yolunu seçib. Bu anlamda illərlə oturuşmuş təşkilat modelindən optimallaşdırılmış və inteqrasiya olunmuş şirkət modelinə keçid etmək prioritet hədəflər arasındadır.
Transformasiya prosesinin effektiv idarə edilməsi məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətin dəstəyi ilə Transformasiya Proqramının həyata keçirilməsinə başlanılıb.

Transformasiya Proqramının 1-ci və 2-ci fazası tamamlanıb, 3-cü fazası bitmək üzrədir. Bu proses çərçivəsində optimal, çevik təşkilati struktur formalaşdırılıb. Korporativ idarəetmə sisteminin qurulması üzrə işlər görülüb ki, nəticədə daha şəffaf, səmərəli və inkluziv idarəçilik strukturu formaşalıb. Stansiyaların sayının optimallaşdırılması, işlək stansiyaların sayının 108-dən 69-dək azaldılması sayəsində dəmir yollarının əməliyyatları daha səmərəli və çevik fəaliyyət modelinə keçid edib.

Transformasiya nəticəsində ADY-nin əsas uğurlarından biri şirkətin artıq öz vəsaitləri hesabına iri investisiya layihələrini həyata keçirməsidir. Xərclərin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi sayəsində ADY öz vəsaiti ilə 2023-cü ildə 35 milyon manat investisiya edib. Məsələn:

- 16 km yolda rels dəyişdirilib;

- Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı-Suraxanı, Yeni Suraxanı-Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub;

- Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub;

- Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb.

2024-cü ildə isə bu vəsait 50 milyon manatı aşaraq 20-dən çox layihənin icrasına cəlb ediləcək. Məsələn:

- Ələt Baş dəmir yolu stansiyası təmir ediləcək;

- Yalama stansiyası genişləndiriləcək;

- 50 km uzunluğunda yolların üst quruluşu təmir ediləcək;

- Biləcəri çeşidləmə parkının təmiri tamamlanacaq və s.

Müasir qatar parkı

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən dəmir yollarında istifadə olunan hərəkət tərkibi əhəmiyyətli dərəcədə yenilənib. O cümlədən,

- “Stadler Rail Group”la əməkdaşlıq çərçivəsində 2015-2018-ci illərdə ölkədaxili və Abşeron dairəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün sinfinin ən yaxşılarından olan elektrikli qatarlar alınıb. Hazırda sərnişindaşımada məhz bu qatarlardan istifadə edilir.

- 2019-cu ildə ölkəyə qatar və lokomotiv parkının yenilənməsi proqramı çərçivəsində sabit və dəyişən cərəyanla işləyən 50 ədəd lokomotiv çatdırılıb.

- Stadler istehsalı “FLIRT” markalı 10 ədəd dizel və elektrik qatarının alınması üçün müqavilə bağlanılıb. Qatarlardan dördü 2023-cü ildə ölkəyə çatdırılıb və müvafiq sınaq prosesi bitdikdən sonra xəttə buraxılacaq. 2024-cü ildə digər qatarların da qatar parkına əlavə edilməsi nəzərdə tutulur.
Yeni qatarların alınması ilə paralel olaraq 2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb. Mərkəzdə hazırda dəmir yollarında aktiv istifadə olunan Stadler markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidməti həyata keçiriləcək. Yerli qatar parkı ilə yanaşı mərkəzin xidmətləri regionun eyni növ qatarlardan istifadə edən dəmir yolu operatorları üçün də əlçatan olacaq.

Lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün də işlər görülüb. Bu məqsədlə 303 yeni platforma alınıb. 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun alınması üçün müqavilə imzalanıb və teplovozlar qatar parkına daxil edilib. Həmin ildə Estoniyadan 4 ədəd müasir elektrovoz da alınaraq ölkəmizə gətirilib.

Yükdaşıma artır, beynəlxalq dəhlizlərə inteqrasiya sürətlənir

Son 20 il ərzində Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənir, eyni zamanda yeni yollar salınır.

Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin buraxılış gücünü artırmaq məqsədilə 2017-ci ildə Şərq-Qərb bağlantısının ən vacib seqmentlərindən olan Bakı – Tbilisi – Qars (BTQ) dəmir yolunun təntənəli açılışı baş tutub. Yeni dəmir yolu xətti regional yükdaşımalarda məsafə və vaxt müddətini qısaldaraq Çin – Avropa – Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib. BTQ dəmir yolunun Gürcüstan seqmentinin hazırda davam edən genişləndirilməsi bir neçə aya başa çatacaq, xəttin buraxılış gücü milyon tondan 5 milyon tona qədər artacaq.


Ötən illər ərzində yükdaşımalarda, xüsusilə tranzit yükdaşımalarda əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki,

- ölkəmiz üzərindən daşınan tranzit yüklərin həcmi 80%-ə yaxın artıb;

- 2023-cü ildə dəmir yolları ilə 18 milyondan çox ton ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.

Şimal – Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamalanıb. Ötən il bu terminalda 700 min tona yaxın yük aşırılıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şimal – Cənub dəhlizinin inkişafına töhfə verilib.

Beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır.

Sərnişindaşımada rekord göstərici

Prezident İlham Əliyevin müvafiq tapşırıqları ilə vətəndaşların rahatlığını təmin etmək məqsədilə dəmir yollarının yenidənqurma işləri öz bəhrəsini verməkdədir. Vətəndaşlarımıza yüksək keyfiyyətli dəmir yolu xidmətləri göstərmək üçün ADY qatar parkı “Stadler” markalı müasir dizel və elektrik qatarları, həmçinin “Alstom” istehsalı lokomotivlərlə yenilənib. İstismar müddəti bitmiş qatarların istifadəsi dayandırılıb, Abşeron dairəvi dəmir yolu xətti boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb:

- 2015-ci ildən etibarən Bakı – Sumqayıt – Bakı xətti üzrə sürət qatarları istifadəyə verilib;

- 2017-ci ildə Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sakinlərin üzünə açılıb;

- Həmin ildə Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı-Sabunçu-Pirşağı-Sumqayıt-Xırdalan-Biləcəri-Bakı xətti inşa olunub. Xətt boyunca iki ayrı marşrut üzrə sərnişinlər ümumilikdə 14 məntəqəyə səyahət edə bilirlər;

- 2018-2020-ci illərdə Sumqayıt Dəmiryol Vağzalı, Sabunçu Dəmiryol Vağzalı, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyaları yenidən qurularaq sakinlərin istifadəsinə verilib;

- Bundan başqa, Abşeron dairəvi dəmir yolu xəttinin Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı baş tutub.

2023-cü ildə ADY tərəfindən rekord həddə – 7 milyon sərnişin daşınıb. Abşeron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı – Qəbələ – Bakı marşrutunun açılması və Bakı – Gəncə – Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar (Tovuz) və Dəllər (Şəmkir) stansiyalarına yenidən dayanacaq verilməsi sayəsində əldə edilən bu göstərici ötən ilin göstəricisindən 38% çoxdur (5,1 milyon nəfər). 

Ötən il həm də ictimai nəqliyyatın yükünü azaltmaq üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə gündəlik 10 reys artırılıb, həmçinin Bakı – Sumqayıt – Bakı marşrutunda ekspres – iki şəhər arasında dayanacaqsız, birbaşa səyahət imkanı yaradan reyslər təyin edilib. Abşeron dairəvi dəmir yolu xəttində aylar üzrə ən çox sərnişin daşınan günlərin orta göstəricisi 26 min nəfər olub (2022-ci ildə 19,4 min nəfər).

İnfrastruktur müasir tələblərə uyğun yenilənir

Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında ötən 20 il ərzində Azərbaycan dəmir yollarında irimiqyaslı tikinti və yenidənqurma layihələri icra edilib. Görülən işlər nəticəsində yük və sərnişin daşınması üzrə xidmət keyfiyyəti yüksəlib, ölkənin tranzit imkanları genişlənib:

- 2007-ci ildə Ələt-Ələt Liman dəmir yolu xətti tikilərək istifadəyə verilib;

- 2010-2014-cü illərdə dəmir yolu nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolu xəttinin 917 kilometri əsaslı təmir olunub;

- 2015-2017-ci illərdə magistral dəmir yolu xətlərinin 200 kilometrlik hissəsi əsaslı təmir olunub;

- 2017-ci ildə 8.3 kilometrlik Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi tamamlanıb;

- 2021-ci ildə Qəbələ Dəmiryol Vağzalını Ləki stansiyası ilə birləşdirən 43 kilometrlik birxətli Ləki-Qəbələ dəmir yolu xəttinin açılışı baş tutub.
Həmçinin 2022-2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb. 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.

Qarabağ və Şərqi Zəngəzura dəmir yolları ilə “Böyük Qayıdış”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun zəfərlə bitirdiyi 44 günlük Vətən Müharibəsi nəticəsində azad edilmiş torpaqlarda başladılan genişmiqyaslı bərpa və quruculuq işləri dəmir yollarını da əhatə edir. ADY bu ərazilərdə işçi qatarlarını cəlb edərək bərpa layihələrinin icrasında yaxından iştirak etməklə yanaşı, öz infrastrukturunu da bərpa edir.

Bu mənada,

- 2021-ci ildə Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bir qədər sonra dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;

- Horadiz – Ağbənd dəmir yolu Azərbaycanı Naxçıvanla birləşdirəcək multimodal nəqliyyat dəhlizinin tərkib hissəsidir;

- Hazırda Horadiz – Ağbənd dəmir yolu xəttinin layihələndirmə işlərinin 82%, tikinti işlərinin isə 47% yekunlaşıb;

- 2021-ci ildə həm də Bərdə – Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;

- Bu xəttin Ağdam şəhərinə qədər hissəsinin tikintisi tamamlanıb, stansiyaların tikintisi yekunlaşıb;

- Həmçinin Ağdam – Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə start verilib.

Rəqəmsallaşan dəmir yolları

Rəqəmsallaşma ADY-nin transformasiya prosesinin əsas istiqamətlərindən biridir. Rəqəmsallaşma proqramı bütün sahələri əhatə edir. Belə ki, istehsalat sahələri və korporativ funksiyanın avtomatlaşdırılması, biznes proseslərin hazırlanması, mərkəzi hesabatlılıq sisteminin qurulması, insan kapitalının optimallaşdırılması, müştəri xidmətlərinin rəqəmsallaşdırılması və s. istiqamətlərdə rəqəmsallaşma paralel olaraq şirkətdaxili prosedurlarda, yükdaşıma və sərnişindaşıma sahələrində həyata keçirilir.
İlkin olaraq

- Güclü İKT komandası formalaşdırılıb, təcrübəli xarici Baş Rəqəmsallaşma İnzibatçısı (Chief Digital Officer) cəlb edilib;

- Nüfuzlu konsaltinq şirkətindən dəvət edilmiş mütəxəssislərlə birlikdə İKT üzrə inkişaf strategiyası hazırlanıb;

- Texnoloji bazanın təkmilləşdirilməsi, daşımalar, aktivlər və investisiya layihələrinin idarə edilməsi sistemlərinin avtomatlaşdırılması, müştəri yönümlü yükdaşıma və kommersiya sisteminin yaradılması və GPS əsasında lokomotivlərin hərəkətinin izlənməsi sistemi qurulmaq üzrədir;

- Azərbaycan və xaricdəki tərəfdaşlarla rəqəmsal elektron imza və kriptoqrafik vasitələrdən istifadə etməklə logistika dəhlizlərinin avtomatlaşdırılması istiqamətində işə başlanılıb.

2023-cü ildə sərnişinlər üçün “ADY Mobile” tətbiqi istifadəyə verilib. Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha da asanlaşıb.

Köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda kağız biletlərin istifadəsi dayandırılıb. İndi sərnişinlər heç bir fiziki təmas olmadan NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə rahat şəkildə səfərlərini həyata keçirə bilirlər.

Optimallaşdırma prioritet istiqamətlərdən biridir

2023-cü ildə ADY-nin strukturu biznezyönümlü siyasət əsas götürülərək optimallaşdırılıb. Şirkətdə müasir standartlara cavab verən kommersiya fəaliyyəti qurulub. İdarəetmə rəqəmsal platformalara keçirilərək yenidən təşkil edilib. “Agile” yönümlü idarəetməyə yəni dəyişikliklərə davamlı və çevik uyğunlaşa bilən biznes modelinə keçid edilib. Eyni zamanda İnsan Kapitalı və Korporativ Mədəniyyət siyasəti formalaşdırılıb. Kadr hazırlığının daha peşəkar təşkili üçün ADY nəzdində Təlim və İnkişaf Mərkəzi yaradılıb.

Daha böyük ətraf mühit, sosial və korporativ idarəetmə öhdəliyi

2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı üçün milli prioritetlər arasında yer alan dayanıqlı inkişaf gündəliyi dəmir yollarının inkişafına yön verən əsas amillərdən biridir.

ESG tədbirləri çərçivəsində ADY sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edir. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları təşkil edilib. “Yaşıl enerji”ni təşviq etmək və karbon qazı tullantılarını azaltmaq məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb.

Həmçinin dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün ADY tərəfindən bütün zəruri tədbirlər görülür. Hər bir yeni layihədə ESG prinsipləri ən effektiv şəkildə təhlil olunaraq tətbiq edilir. Belə ki, Horadiz – Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün ağacların yeri həssaslıqla dəyişdirilib. Hər bir layihəmizdə dəmir yolu zolağı boyunca ağacların əkilməsi diqqətdə saxlanılır. Bərdə – Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib. ADY həmçinin şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifadə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlar gələcək inkişaf üçün böyük perspektivlər açır. ADY-nin 2030-cu ilədək strateji məqsədləri, bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulan proqramları əhatə edən 2030-cü il Strategiya sənədi hazırlanıb. Strategiyanın ana xəttini təşkil edən əməliyyatların səmərəliliyi, kommersiya imkanlarının artırılması, rəqəmsallaşma və təhlükəsizlik kimi məsələlərin həlli istiqamətində ADY işini əzmlə davam etdirəcək.

Geri qayıt