Birxeber.az / USAID-in qərəzi və ikili yanaşması - Qarabağdan könüllü gedənlər yeni karta çevrilib - ŞƏRH

USAID-in qərəzi və ikili yanaşması - Qarabağdan könüllü gedənlər yeni karta çevrilib - ŞƏRH

2-02-2024, 17:40

Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycana qarşı Qərb dövlətləri və institutlarının qərəzi, ikili yanaşması davam edir. Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP) ilə yanaşı, ABŞ, xüsusilə onun Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəallığı ilə seçilir. Təbii ki, bu, xoş niyyətə deyil, qara planlara xidmət edən fərqlənmədir. USAID təsis olunduğu gündən təmsil etdiyi ölkənin, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi tanınıb. Dövlət Departamentinə bağlı təşkilatın aparıcı üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu da heç kimə sirr deyil.

Erməni mediasında yer alan son xəbərlərə görə, USAID Qarabağdan könüllü çıxan erməniəsilli şəxslərə əlavə olaraq 1 milyon dollar yardım göstərəcək. Bundan əvvəl də belə yardımlar olub. 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar humanitar yardım ayırıb. USAİD-in Ermənistan üzrə missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird vurğulayıb ki, ABŞ hökuməti yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana kömək etmək öhdəliyini götürüb. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayından USAID və ABŞ hökuməti müxtəlif yardımlar - qida, psixososial dəstək verib.

Yenə də ikili mövqe və qərəzli münasibət. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda, yüz minlərlə insan öz doğma torpaqlarından qovulanda təşkilat susmağa üstünlük verdi. Onun mövqeyi ABŞ hökumətinin mövqeyindən fərqlənmədi. Bir milyona yaxın azərbaycanlı bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. Erməni lobbisinin ciddi təsiri altında olan qurum daim Ermənistana dəstək nümayiş etdirib.

Yeri gəlmişkən, ABŞ və onun himayəsində olan USAID-in Azərbaycana qərəzi xüsusilə 44 günlük müharibə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ilə daha da güclənib. Təşkilatın direktoru Samanta Pauerin bədnam anti-Azərbaycan fəaliyyətini yada salmaq kifayətdir. Qarabağda etnik təmizləmə həyata keçirildiyini dəfələrlə iddia edən Pauer qərəzli və ikili mövqeyi ilə seçilib, bölgəni könüllü olaraq tərk etmiş erməni sakinlərin vəziyyətini də təhrif edib. Agentlik direktoru rəsmi Bakının həmin sakinlərə Azərbaycana inteqrasiya ilə bağlı açıqlamalarını heç yada da salmayıb.

USAID rəhbərinin digər bir qərəzi 2023-cü ilin sentyabrında Bakıya səfəri zamanı açıq-aydın göründü. O, Ermənistandan silah və güc yolu ilə evlərindən, tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. USAID 35 ildə onlara bir sent belə yardım etmədiyi halda bu gün könüllü olaraq Azərbaycanı tərk etmiş erməni sakinlərin halına acıyır. Qərbi azərbaycanlılara qarşı analoji münasibət heç vaxt olmayıb.

Eləcə də humanizm prinsipini erməni təəssübkeşliyinə qurban verən təşkilat bir dəfə də olsun Ermənistanda istehsal olunan və ermənilər tərəfdən basdırılan minaların qurbanları ilə bağlı məsələyə diqqət yetirmək istəməyib.

Samanta Pauer dəfələrlə qardaş Türkiyəyə qarşı da qərəzli ittihamlarla çıxış edib. USAID-in ermənipərəst rəhbəri, ermənilərin “qondarma soyqırımı günü”nü özünün doğum günü elan edib, Türkiyəni “vəhşi” adlandırmaqdan da çəkinməyib. Heç bir məntiqə və mənaya sığmayan bu cür davranışın da səbəbi, əslində, təəccüb doğurmur. Onu da qeyd edək ki, bu xanımı hazırda Bakıda həbsxanada saxlanılan Ruben Vardanyanla sıx əlaqələr bağlayır. Rəsmi Bakı dəfələrlə ermənipərəst xanımın anti-Azərbaycan mövqeyini, səsləndirdiyi bəyanatları sərt tənqid edib. Məsələn, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, USAID kimi təşkilatların məkrli əməliyyatlarına Azərbaycanda yer yoxdur. Samanta Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları “azərbaycanofobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb.

Yeri gəlmişkən, bir faktı da qeyd edək ki, USAID təşkilatının digər hədəflərindən biri də postsovet məkanında müstəqil siyasət yürüdən ölkələrdə inqilablar törətmək, qarşıdurma yaratmaqdır. Gürcüstan buna bariz nümunədir. 2023-cü ilin noyabr ayında Gürcüstanda çevriliş cəhdində bu təşkilatın adı keçib. Plana görə, mitinqlər zamanı qarşıdurmaların yaradılması, silahların gətirilməsi, insanların öldürülməsi və ölkədə çaxnaşma yaradıb çevrilişə cəhd məsələləri haqda təlimlər bura daxil edilib.

Qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi əsasən mülki xarici yardım və inkişafın idarə edilməsinə cavabdehdir. 1991-ci ildən Azərbaycanda fəaliyyətə başlayıb. Düzdür, təşkilat müxtəlif biznes layihələrində iştirak etsə də, qaçqın düşən insanlarımızla bağlı hər hansı bir proqram və yardım göstərməyib.

USAID 27 milyard dollardan çox büdcə ilə dünyanın ən böyük rəsmi yardım agentliklərindəndir. Bu, ABŞ-nin bütün xarici yardımının yarısından çoxunu təşkil edir. 1961-ci ildən fəaliyyət göstərən təşkilat Qarabağda ötən əsrin 90-cı illərində baş verən hadisələr zamanı ciddi bir yardımları ilə yadda qalmayıb. Görünən də odur ki, okeanın o tayında oturub bütün dünyanı öz iradəsinə tabe etmək istəyənlər müstəqil siyasət həyata keçirən ölkələrə qarşı təzyiq zamanı USAID kimi təşkilatlardan istifadə edirlər.

Geri qayıt