Birxeber.az / “Neftçi”nin yeni baş məşqçisi: “Təklif mənim üçün gözlənilməz oldu”

“Neftçi”nin yeni baş məşqçisi: “Təklif mənim üçün gözlənilməz oldu”

2-02-2024, 15:40

“Neftçi”nin təklifi mənim üçün gözlənilməz oldu”.

Bunu “Birxeber.Az”a açıqlamasında “Neftçi”nin qadınlardan ibarət komandasının yeni baş məşqçisi Siyasət Əsgərov deyib.

36 yaşlı mütəxəssis Bakı klubundan təklif alana qədər Azərbaycanda çalışmaq barədə düşünmədiyini etiraf edib: “Klub səviyyəsində ölkə daxilində işləmək planım yox idi. Ancaq “Neftçi” rəhbərliyi tərəfindən maraqlı təklif gəldi. Klubun qadın futbolu ilə bağlı çox yaxşı layihələrinin olması qərarıma təsir etdi. Bu üzdən mövsümün sonuna qədər komandada çalışmaq qərarına gəldim”.

Ölkə xaricindən təkliflərinin olduğunu bildirən S.Əsgərov Azərbaycanda qalmasını belə əsaslandırıb: “Ölkə xaricindən təkliflərim var idi. Əsasən Türkiyədən maraqlanırdılar. Orada isə ikinci dövrə yeni başlayıb. Belə bir məqamda getmək istəmədim. Çünki hansısa komandaya ya dövrələrarası fasilədə, ya da mövsümün əvvəlində keçmək daha yaxşı olar”.

“Neftçi”də çalışmaqla yanaşı, Azərbaycan millisinin baş məşqçisi vəzifəsini yerinə yetirməkdə davam edəcək Siyasət Əsgərov qərarında bu amilin də rol oynadığını vurğulayıb: “Milli üzvlərinin çoxu ölkə xaricində çıxış edir. Azərbaycanda oynayanların əksəriyyəti isə “Neftçi”dədir. Həmçinin burada aşağı yaş qrupu üzrə yığmaların üzvləri də çıxış edirlər. Təklifi qəbul etməyimin əsas səbəbi də bu amil oldu. Millinin oyunçularının ölkə xaricinə yollanmalarına, daha yaxşı liqalarda çıxış etmələrinə çalışırıq”.

Qeyd edək ki, Siyasət Əsgərov ötən gün “Neftçi” ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Geri qayıt