Birxeber.az / Politoloq: Rusiya-Ukrayna müharibəsinin yeganə qalibi ABŞ-dır

Politoloq: Rusiya-Ukrayna müharibəsinin yeganə qalibi ABŞ-dır

2-02-2024, 14:50

Rusiya-Ukrayna müharibəsinin yeganə qalibi ABŞ-dır.

Bunu Birxeber.Az-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq deyib ki, Birinci və İkinci dünya müharibələrində olduğu kimi, hazırda Rusiya-Ukrayna savaşından bəhrələnən, güclənən ölkə ABŞ-dır: Fevralın 24-də iki ili tamam olacaq bu müharibə müddətində Vaşinqtonun həm hərbi sənaye məhsullarının, həm də neft-qaz satışından əldə etdiyi gəlirlər deməyə imkan verir ki, Ağ ev savaşın uzunmüddətli olmasında maraqlıdır. Bunu hətta “Nyu-York Tayms” qəzeti də etiraf edir. Qəzetin yazdığına görə, Rusiyanın başının müharibəyə qarışmasından istifadə edən ABŞ dünya bazarındakı mövqeyini gücləndirməklə bərabər söz sahibi olduğu NATO şərq sərhədlərini genişləndirib. Şimali Atlantika Bloku vasitəsi ilə öz hərbi qüvvələrini Rusiyanın sərhədləri yaxınlığında yerləşdirən ABŞ bu ölkəyə qarşı iqtisadi və siyasi təzyiqlərini günü-gündən gücləndirir. Ukraynanı Rusiya ilə qarşıdurmaya təhrik edərək müharibəyə sürükləyən ABŞ bu müharibənin yeganə “qalibi”dir. ABŞ və NATO hələ ki, bu müharibədə birbaşa iştirak etmir. Amma müharibənin alovlanması üçün katalizator rolunu oynamaqda davam edirlər. ABŞ və dostları Ukrayna ordusunu silah-sursat və pulla təmin edir, hərbçilərə təlimlər keçir, onlar üçün əməliyyat planları qurular. Hətta xarici muzdluların, könüllülərin Ukraynaya göndərilməsini dəstəkləyirlər. ABŞ, İngiltərə, Fransa, İsveç və Gürcüstandan gələn hərbi təlimatçılar, muzdlu əsgərlər Ukraynada Rusiyaya qarşı döyüşürlər”.

Ramiz Alıyev qeyd edib ki, dünyanın siyasi düzənini dəyişməyə çalışan ABŞ Yaxın Şərqdə də müharibələri, münaqişələri alovlandırır: “ABŞ və İngiltərə hazırda İranın dəstəyi ilə Yəməndə hakimiyyətə gəlmiş “Ənsarallah” təşkilatına (Bədrəddin əl-Husinin davamçılarına) zərbələr endirir. Qəzzada İsrail-Fələstin müharibəsi davam edir. Tayvan, Şimali Koreya ətrafında gərginlik davam edir. Baş verənləri Üçüncü Dünya Müharibəsi də adlandırmaq olar. Bu müharibənin ssenarisi isə okeanın o tərəfində hazırlanır. Son iki ildə “Gazprom”u Avropadan sıxışdırıb çıxaran ABŞ Rusiyanın buradakı qaz bazarını ələ keçirib. Avropanı poliqona çevirib və silah satışı artıb. ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, 2023-cü ildə xarici hökumətlərə ABŞ hərbi texnikasının satışı 16% artaraq rekord həddə - 238 milyard dollara çatıb. Bu onu göstərir ki, yaranan gərginlik Amerikanın maraqlarına uyğundur”.

Politoloq onu da bildirib ki, ABŞ-ın nəhəng hərbi silah sənaye müəssisələri olan “Lockheed Martin”, “General Dynamics” və “Northrop Grumman” kimi şirkətlərin səhmləri rekord həddə çatıb: “Ötən gün Avropa İttifaqı Ukraynaya öz büdcəsindən 50 milyard avro məbləğində əlavə dəstək paketinin ayrılması barədə razılığa gəlib. Bu pullar dolayı yolla ABŞ şirkətlərinin büdcəsinə gedəcək. Ayrılan milyardlar Ukraynaya imkan verəcək ki, Rusiyaya qarşı döyüşü davam etdirsin. Müharibə uzandıqca ABŞ-dan daha çox silah-sursat alınacaq, Avropa, xüsusilə də, Şərqi Avropa ölkələri öz müdafiə imkanlarını genişləndirmək üçün ABŞ-a silah sifarişləri verəcəklər. Artıq milyardlarla dollar dəyərində qırıcılar, hava hücumundan müdafiə sistemlərinin Avropa ölkələrinə satılması üçün müqavilələr imzalanır”.

Ramiz Alıyev bəzi qüvvələrin Azərbaycanı da bu prosesə cəlb etmək istədiklərini söyləyib: “İstəyirdilər ki, Azərbaycan-Ermənistan arasında müharibə daha uzun müddət davam etsin. Amma ölkə rəhbərliyinin uzaqgörənliyi sayəsində biz uğurlu əməliyyatlarımızı çox qısa zamanda yekunlaşdırdıq. Bu gün artıq sərhədlərimizdə silah səsləri eşidilmir. Danışıq masalarında sərhədlərin delimitasiya və demarkasiyası, sülh prosesi müzakirə olunur. Cənubi Qafqazda öz maraqlarını həyata keçirə bilməyən ABŞ və dostları beynəlxalq təşkilatlar vasitəsi ilə bizə təzyiq göstərməyə çalışırlar”.

Politoloq hesab edir ki, böyük güclərin öz iqtisadi qüdrətlərini artırmaq istəkləri, tamahları dünya xalqlarının sosial durumlarının pisləşməsinə, terror hadisələrinin artmasına, təhlükəli xəstəliklərin genişlənməsinə səbəb olur: “Biz bu gün bütün bunların şahidi oluruq. Qlobal ekoloji problemlər, terrorçuluq, müharibələr, epidemiyalar supergüclərin büdcələrini daha da artırır, digər dövlətlərin inkişafını isə tormozlayır”.

Geri qayıt