Birxeber.az / PFL rəsmisi: “Barış Şimşəyin açıqlamalarından sonra VAR sisteminin iş prinsipləri klublar üçün daha da aydınlaşdı”

PFL rəsmisi: “Barış Şimşəyin açıqlamalarından sonra VAR sisteminin iş prinsipləri klublar üçün daha da aydınlaşdı”

2-02-2024, 14:40

“Barış Şimşəyin açıqlamalarından sonra VAR sisteminin iş prinsipləri klublar üçün daha da aydınlaşdı və faydalı oldu”.

Bunu “Birxeber.Az”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, toplantıda iştirak edən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək klub nümayəndələrinə VAR sisteminin iş prinsipləri haqqında məlumat verib.

E.Abbasov Klublar Komitəsi tərəfindən müzakirəyə çıxarılan məsələlər barədə fikir mübadiləsi aparıldığını sözlərinə əlavə edib: “Klublar bizim birbaşa üzvlərimizdir və onları maraqlandıran mövzular bizim üçün çox vacibdir. Budəfəki iclasdan öncə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyevlə ümumi gündəliyi müzakirə etmişdik. Gündəliyə əsasən qeyd olunan məsələlərlə bağlı PFL olaraq fikrimizi bildirdik, eyni zamanda tərəfimizdən nəzərdə tutulan məsələləri klub rəhbərlərinin diqqətinə çatdırdıq. Düşünürəm ki, ilin ilk iclasında çox fəal müzakirələrə yer verildi və interaktiv görüş baş tutdu”.

Qeyd edək ki, Klublar Komitəsinin iclası Bakı Olimpiya Stadionunda təşkil olunub.

Geri qayıt