Birxeber.az / Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri sökülüb

Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri sökülüb

2-02-2024, 13:50

Gəncə şəhərinin Heydər Əliyev, Nizami, Atatürk prospektlərində, Cavadxan və Mirzə Abbas Abbaszadə küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinin fasadına qanunsuz vurulmuş reklam lövhələri aşkar edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, Xidmətin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı aşkar olunan qanunsuz reklamların sökülməsi ilə bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib. Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində qeyd olunan ünvanlarda yerləşən 25 memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülərək nöqsanlar aradan qaldırılıb.

Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

Bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik.

Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq.

Geri qayıt