Birxeber.az / Gürcüstanda Stalinin təsvir edildiyi ikonaya boya atmış şəxs həbs edilib

Gürcüstanda Stalinin təsvir edildiyi ikonaya boya atmış şəxs həbs edilib

2-02-2024, 13:50

Gürcüstanda Stalinin təsvir edildiyi “Müqəddəs Matrona” (Moskvalı Matrona) ikonasına boya atmış ictimai fəal həbs edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Tbilisidəki Müqəddəs Üçlük Katedralında (Sameba kilsəsi) yerləşdirilmiş ikonaya göy boya atmış ictimai fəal Nata Peradzenin 5 sutkalıq inzibati qaydada həbsinə qərar verib.

Peradze qarşı Gürcüstanın İnzibati Xətallar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, “Moskvalı Matrona” ikonasını Sameba kilsəsinə Gürcüstanın rusiyayönümlü “Vətənpərvərlər Alyansı” partiyasının üzvləri bağışlayıb. İkonada Stalinin də təsvir edilməsi etirazlara səbəb olub və yanvarın 9-da Nata Peradze ikonaya göy boya atıldığını əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra radikal mühafizəkar qrup üzvləri aktivistin evinin qarşısında, həmçinin parlament binasının qarşısında həbs tələbi ilə aksiya təşkil ediblər. Gərginliyin artmasından sonra Gürcüstan patriarxlığı ikonanı bağışlayan tərəfə müraciət edərək Stalinin təsvir edildiyi hissənin çıxarılmasını istəyib. İkona bir müddət əvvəl kilsədən götürülüb.

Geri qayıt